AZ

Aldığınız qızılı yoxlatmaq üçün: Dövlətə bu qədər ödəyəcəksiniz QİYMƏT

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasında qiymətli metallardan və daşlardan hazırlanan zərgərlik məmulatlarına nəzarət gücləndirilir. 

Artıq bu sahədə dövlət əyar nəzarətinin həyata keçirilməsi üçün yeni laboratoriya xidmətləri fəaliyyətə başlayıb. Sahibkarlar və istehlakçılar qızıl, gümüş və digər qiymətli materiallardan hazırlanan məmulatların qanunvericiliyə uyğun yoxlanılması, əyarının təyin olunması və rəsmi damğalanması üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər. 

Bu addım Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən atılıb. Məqsəd zərgərlik məhsullarının keyfiyyətinə nəzarəti artırmaq, həm istehlakçıların hüquqlarını qorumaq, həm də bazarda şəffaflığı təmin etməkdir. 

Yeni laboratoriya xidmətləri çərçivəsində zərgərlik və digər məişət məmulatları ekspertizadan keçirilir, diaqnostika olunur, əyarı yoxlanılır və rəsmi qaydada damğalanır. Bu isə həm istehsalçıların, idxalçıların, həm də alıcıların maraqlarına xidmət edir. 

Zərgərlik məmulatlarının əyar yoxlanışı üçün xidmət haqqı nə qədərdir? Qiymətlər məmulatın növünə görə dəyişirmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az” –a İstehlak Mallarının Ekspertizası Mərkəzindən bildirilib ki, bu prosedur qiymətli metallardan hazırlanan məmulatların əyarının düzgün müəyyənləşdirilməsi və vətəndaşların keyfiyyətli məhsul almasına nəzarət məqsədi daşıyır:

“Qızıl məmulatlarının ekspertizası, analizi, əyarlanması və damğalanması üzrə dövlət rüsumu 16 manatdır. Gümüş məmulatları üçün isə bu xidmətin rüsumu 6 manat təşkil edir. Bu məbləğ hər bir məmulat üçün standart tarif hesab olunur. Yəni üzük, sırğa, boyunbağı və digər zinət əşyaları üçün ayrıca qiymət fərqi tətbiq edilmir. 

Müştərilər tərəfindən gətirilən məmulatlar əvvəlcə sənədləşdirilir, onların rekvizitləri çıxarılaraq sahibinə təqdim olunur. Müştəri ödənişi etdikdən sonra yoxlama prosesi başlanır və nəticələrlə bağlı müvafiq sənədlər vətəndaşa təqdim edilir”. 

Məmulatların yoxlanılma müddəti isə onların quruluşundan və tərkibindən asılı olaraq dəyişir: “Bəzi hallarda nəticə elə həmin gün məlum olur, bəzi hallarda isə proses 2–3 gün çəkə bilər”. 

Gülər Həsənli 

"Cebheinfo.az"

Açar sözlər:

qızıl qiymət

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr