AZ

Qlobal bahalaşma Azərbaycana necə təsir edir?

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Mərkəzi Bankın proqnozlarına əsasən, 2026 və 2027-ci illər üzrə inflyasiya göstəriciləri müvafiq olaraq 5,9 faiz və 4,5 faiz səviyyəsinə yüksəldilib.

Bu artım əsasən qlobal ərzaq qiymətlərinin bahalaşması, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin güclənməsi və məzənnə dinamikasında müşahidə olunan zəifləmə ilə izah olunur. Eyni zamanda, geosiyasi gərginliklər təchizat zəncirlərinə təsir edərək nəqliyyat və enerji xərclərini artırır və inflyasiya risklərini daha da aktuallaşdırır. Bu fonda Mərkəzi Bankın pul-kredit siyasətinin inflyasiyanı sabit saxlamaq üçün yetərli olub-olmayacağı ilə bağlı suallar gündəmdə qalır

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Mərkəzi Bankın pul-kredit siyasəti inflyasiyanı hədəf diapazonunda saxlamağa çalışsa da, qarşıdakı dövrdə təkcə onun alətləri ilə iş bitməyəcək. Onun sözlərinə görə, inflyasiyanın 2026-cı ildə 5,9 faizə, 2027-ci ildə isə 4,5 faizə yüksəldilməsi tənzimləyicinin də təzyiqlərin gücləndiyini qəbul etdiyini göstərir. Qlobal ərzaq qiymətlərinin artması, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin güclənməsi və məzənnənin zəifləməsi idxal mallarını avtomatik bahalaşdırır və bu təsir Azərbaycan iqtisadiyyatında daha qabarıq hiss olunur.

İqtisadçı qeyd edib ki, geosiyasi gərginliklər də nəqliyyat və enerji xərclərini artırmaqla təchizat zəncirində əlavə problemlər yaradır. Mərkəzi Bankın əsas alətləri uçot dərəcəsi və məzənnə siyasətidir; uçot dərəcəsinin artırılması kreditləri bahalaşdıraraq tələbi azalda, manatın sabit saxlanılması isə idxal inflyasiyasını qismən cilovlaya bilər. Lakin bu yanaşma indiyədək ehtiyatlı sərtləşdirmə ilə tətbiq olunsa da, bütün təzyiqləri tam neytrallaşdırmaq mümkün olmayıb. Valyuta ehtiyatlarının mövcudluğu isə zərurət yarandıqda bazara müdaxilə imkanı yaradır.

“Amma problem ondadır ki, pul siyasəti əsasən tələb inflyasiyasına təsir edir. Qlobal ərzaq qiymətlərinin artması, nəqliyyat xərcləri və enerji bahalaşması kimi təklif şoklarını faiz aləti ilə tam aradan qaldırmaq olmur. Uçot dərəcəsi çox yüksəldilərsə, iqtisadi aktivlik, kreditləşmə və investisiyalar zəifləyə bilər. Məzənnənin süni şəkildə sabit saxlanılması isə uzunmüddətli perspektivdə valyuta ehtiyatlarına təzyiq yaradır və ixracı zəiflədir”, – deyə iqtisadçı bildirib.

Onun sözlərinə görə, inflyasiyanın sabit saxlanılması təkcə Mərkəzi Bankın deyil, həm də hökumətin fiskal siyasətinin koordinasiyasını tələb edir. Büdcə xərcləri, subsidiyalar və gömrük siyasəti ilə yanaşı, daxili istehsalın artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi vacibdir. Eyni zamanda logistika xərclərinin azaldılması və təchizat zəncirindəki qırılmaların alternativ yollarla aradan qaldırılması önəmlidir.

İqtisadçı hesab edir ki, Mərkəzi Bankın siyasəti inflyasiyanı cilovlamaqda vacib rol oynasa da, təkbaşına yetərli deyil. Qlobal ərzaq və enerji şokları davam edərsə və məzənnəyə təzyiq artarsa, yalnız faiz aləti ilə 5,9 faizlik hədəfi saxlamaq çətin olacaq. Bu halda həm pul, həm fiskal, həm də struktur siyasətlərin birlikdə və koordinasiyalı şəkildə tətbiqi zərurətə çevrilir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
bizimyol.info

1Mənbələr