Aqrar Xidmətlər Agentliyi Bakıda keçirilən “Caspian Agro Week” sərgisində öz stendi ilə təmsil olunur. Stenddə Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, rəqəmsal yeniliklər və aqrar sahədə tətbiq olunan müasir xidmətlər nümayiş etdirilir.
Bu barədə AZƏRTAC-a Aqrar Xidmətlər Agentliyindən bildirilib.
Qeyd edilib ki, ziyarətçilərə heyvan sağlamlığının qorunması, baytarlıq xidmətləri, bitki mühafizəsi, fumiqasiya, texniki nəzarət, laborator xidmətləri, aqrar təlim və toxum nəzarəti sahələri üzrə məlumat təqdim olunur. Eyni zamanda, fermer və sahibkarlar üçün yaradılan rəqəmsal həllər, səyyar xidmət maşınları, çimizdirmə qurğuları, səyyar laboratoriyalar və xüsusi avadanlıqlar sərgilənir.
Sərgidə süni intellekt əsaslı interaktiv guşə də təşkil olunub. Burada iştirakçılar müxtəlif aqrar peşələr üzrə özlərini vizual formatda görə bilirlər. Bu yanaşma aqrar sahəyə marağın artırılması və gənclərin peşə seçimində təşviqi məqsədi daşıyır.
Sərgi iştirakçıları Agentliyin stendində innovativ aqrar xidmətlərlə yaxından tanış olmaq və əməkdaşlıq imkanlarını dəyərləndirmək imkanı əldə edirlər.