ain.az, Azertag saytına istinadən bildirir.
İstanbul, 6 may, AZƏRTAC
Türkiyədə “Azərbaycan kino günləri” keçirilir. Turan Film Festivalı çərçivəsində təşkil edilən tədbirə İzmir şəhərinin Egey Universitetində baş tutan rəsmi açılış mərasimi ilə start verilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kino Agentliyi və Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub. Layihə çərçivəsində yeni Azərbaycan filmləri Türkiyənin İzmir və Bursa şəhərlərində tamaşaçılara təqdim olunacaq.
Açılış mərasimində Türkiyənin Turan Film Festivalının baş koordinatoru, Egey Universitetinin prorektoru professor Mehmet Ersan çıxış edərək Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Türk dünyasını əhatə edən nüfuzlu mədəni tədbirlərdən olan Turan Film Festivalı çərçivəsində “Azərbaycan kino günləri”nin keçirilməsinin əsas məqsədinin qardaş Azərbaycanda yeni çəkilmiş filmlərin Türkiyədə, eləcə də Türk dünyasında tanıdılmasına xidmət etdiyini bildirib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında iki ölkə arasında mövcud qardaşlıq münasibətlərinin bütün sahələrlə yanaşı, mədəniyyət və incəsənətdə də özünü ən güclü şəkildə büruzə verdiyini vurğulayıb. Səfir, “Azərbaycan kino günləri”nin mədəniyyətimizin təbliği, filmlərimizin tanıdılması, eləcə də ölkəmizin tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildirib.
Kino Agentliyinin baş direktorunun köməkçisi Rüfət Qarazadə isə çıxışında “Azərbaycan kino günləri” və “Nargin: Sona qədər sirli” filmi haqqında danışıb. Qeyd olunub ki, nümayiş olunan yeni Azərbaycan filmləri milli kino məktəbinin müasir inkişafı, yaradıcı yanaşmaları və bədii-estetik axtarışlarını əks etdirir.
Tədbirdə İzmirdəki dövlət nümayəndələri, Ankaradakı səfirliyimizin, Azərbaycan Kino Agentliyinin, İzmir Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, yerli azərbaycanlılar, universitetin müəllim-tələbə heyəti iştirak edib.
Sonra “Nargin: Sona qədər sirli” filmi nümayiş olunub. Filmin ssenari müəllifi, rejissor Xəyyam Abdullayev və baş rolda yer alan aktrisa Günel İmanova da tədbirdə iştirak ediblər. Film yalnız tarixi hadisələri deyil, həm də insan talelərini, Vətən sevgisini və çətin sınaqlar qarşısında göstərilən iradəni emosional, təsirli şəkildə əks etdirir. Ekran əsərində Xəzər dənizində, Bakı yaxınlığında yerləşən Nargin adasında saxlanılan Osmanlı əsirlərinin ağır həyatı, eləcə də Azərbaycan xalqının həmin əsirlərə göstərdiyi qardaşlıq köməyi, mərhəmət və humanist dəyərlər təsvir olunur. Film Azərbaycan türklərinin çətin tarixi şəraitdə belə türk qardaşlarına yardım göstərmək üçün nümayiş etdirdiyi fədakarlığı ön plana çıxarır, dostluq-qardaşlıq dəyərlərinin ən ağır sınaqlardan belə daha da güclənərək çıxdığını nümayiş etdirir.
Film tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Türkiyədə “Azərbaycan kino günləri” davam edir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.