AZ

“Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda təlim proqramı başa çatıb

Xankəndi, 6 may, AZƏRTAC

Prezident yanında Dövlət İdarəçilik Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda keçirilən səyyar təlim proqramının yekun - 3-cü sessiyası Xankəndi şəhərində başa çatıb.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, üç mərhələdən ibarət proqramın əvvəlki sessiyaları Ağdam və Laçında təşkil olunub, yekun mərhələ isə Xankəndidə keçirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidmətləri”nin əməkdaşlarını əhatə edən təlim proqramı dövlət idarəçiliyində müasir idarəetmə yanaşmalarının, rəqəmsal transformasiya alətlərinin və innovativ texnologiyaların tətbiqi istiqamətində bilik və bacarıqların inkişafına yönəlib. Proqram çərçivəsində dövlət idarəçiliyi sahəsində insan kapitalının gücləndirilməsi, institusional potensialın artırılması və idarəetmə effektivliyinin yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib, rəqəmsal transformasiyanın nəzəri əsasları, beynəlxalq təcrübə, tətbiq mexanizmləri, potensial risklər geniş təhlil olunub.

Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Akademiyanın prorektoru Elvin Əzizbəyov və “Regional İnkişaf” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı proqramın dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi baxımından əhəmiyyətini vurğulayıblar. Çıxışlarda elmi yanaşmalarla praktiki fəaliyyət imkanlarının uzlaşdırılmasının regionlarda dayanıqlı idarəetmə modelinin formalaşmasına töhfə verdiyi qeyd olunub.

Bağlanış mərasimində proqramın nəticələri müzakirə edilib, ümumi qiymətləndirmə aparılıb və təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Müxbir – Tahir Ağaməmmədov

Seçilən
6
4
azertag.az

5Mənbələr