AZ

Məhkəmə zalında qandallanan Hərbi Komissarlıq əməkdaşının işi Ali Məhkəmədə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayon şöbələrində çalışmış Turab Yunisov və tanışı Səxavət İbrahimov barəsində çıxarılmış məhkəmə qərarından kassasiya şikayəti verilib.

Musavat.com-un məlumatına görə, şikayətə Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə baxılacaq.

İttihama əsasən, Xidmətin mayoru olmuş Turab Yunisov Siyəzən, Saatlı və İsmayıllı rayon şöbələrində hərbi qulluqçu kimi işlədiyi dövrdə tanışı Səxavət İbrahimovla qabaqcadan əlbir olub. Onlar qulluq mövqeyindən istifadə edərək vətəndaşları aldatmaqla işə düzəltmə, hərbi xidmətdən möhlət verilməsi, müharibə veteranı adı alınması və digər vədlər qarşılığında ümumilikdə 15 nəfərdən 1000 manatdan 10 min manatadək pul alıblar.

İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxslər zərərçəkmişlərin etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vurublar. Zərərçəkmişlərin əksəriyyəti pullarının geri qaytarılmadığını bildirib.

Tərtər Rayon Məhkəməsinin hökmü ilə Turab Yunisova 4 il azadlıqdan məhrumetmə cəzası verilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək cəza şərti hesab olunub. Bu qərar prokurorluq və zərərçəkmişlər tərəfindən narazılıqla qarşılanıb və apellyasiya şikayəti verilib.

Gəncə Apellyasiya Məhkəməsi şikayətləri təmin edərək şərti cəzanı ləğv edib və Turab Yunisov barəsində həbs qətimkan tədbiri seçib. Məhkəmə onun 4 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib və o, məhkəmə zalında həbs olunub.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr