AZ

Zorakılıq edən şagirdlərə çubuq cəzası tətbiq ediləcək

Sinqapurda kiber zorakılıq da daxil olmaqla başqalarına qarşı zorakılıq edən oğlan şagirdlər yeni qaydalara əsasən “son çarə” kimi çubuq cəzası ilə üzləşə bilərlər.

 AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, parlamentdə müzakirə olunan qaydalara görə, oğlan şagirdlərə üç zərbəyədək çubuq cəzası verilə bilər.

Təhsil naziri Desmond Li deputatlara bildirib ki, çubuq cəzası yalnız zorakılığın ciddiliyi nəzərə alınaraq digər bütün tədbirlər yetərsiz qaldıqda tətbiq olunacaq.

Li qeyd edib ki, təhlükəsizliyi təmin etmək üçün ciddi prosedurlar izlənilir və cəza məktəb direktoru tərəfindən təsdiqlənməli, yalnız səlahiyyətli müəllimlər tərəfindən icra olunmalıdır. 

Yeni qaydalar ölkədə ötən il ictimaiyyətin diqqətini çəkən bir neçə ciddi məktəb zorakılığı hadisəsindən sonra aparılan bir illik araşdırmanın nəticəsi olaraq qəbul edilib.

Çubuq cəzası yalnız doqquz yaş və yuxarı oğlan şagirdlərə şamil ediləcək. Nazir Li, qadınlara çubuq cəzası verilməsini qadağan edən qanunvericiliyə istinad edərək, qız şagirdlərin saxlanma, məktəbdən uzaqlaşdırma və ya davranış qiymətinin aşağı salınması kimi digər cəzalarla üzləşəcəyini bildirib.

Qaydaların tətbiqindən sonra məktəblərin şagirdin vəziyyətini izləyəcəyi və ona psixoloji dəstək göstərəcəyi qeyd olunub.

UNICEF kimi beynəlxalq təşkilatlar uşaqlara qarşı fiziki cəzanın fiziki və psixoloji sağlamlığa zərər verdiyini və davranış problemlərini artırdığını əsas gətirərək buna qarşı çıxırlar.

Ümumdünya Səhiyyə Təşkilatının ötən il yayımladığı hesabatda fiziki cəzanın qlobal səviyyədə narahatedici dərəcədə geniş yayıldığı və uşaqların inkişafına ciddi mənfi təsirlər göstərdiyi vurğulanır.

Seçilən
15
azedu.az

1Mənbələr