ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi rəhbərliklə keçirdiyi müşavirədən sonra bəyanatla çıxış edib.
Dövlət başçısı bildirib ki, Rusiya ordusu Ukraynanın təklif etdiyi atəşkəs rejimindən imtina edərək, 6 may gecəsindən etibarən aktiv döyüş əməliyyatlarını davam etdirib.
"AzPolitika" Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski hazırkı vəziyyəti "atəşkəsdən imtina" kimi qiymətləndirib: "Günün sonuna qədər hərbçilərin və kəşfiyyatın hesabatlarını dinlədikdən sonra növbəti addımlarımızı müəyyən edəcəyik".
Prezident qeyd edib ki, mayın 5-də Rusiya tərəfindən Dnepr, Zaporojye və Kramatorsk şəhərlərinə endirilən amansız zərbələr nəticəsində 20-dən çox mülki şəxs həyatını itirib. Təkcə bu gün səhər saatlarına qədər cəbhənin müxtəlif istiqamətlərində 20-dən çox aviasiya zərbəsi qeydə alınıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, mayın 6-na keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə 2 ədəd "İsgəndər-M" ballistik raketi, bir ədəd X-31 idarəolunan raket və 108 ədəd zərbə PUA-sı ilə hücum edib.
Gecə saat 00:09-dan etibarən ölkənin şərq, şimal və cənub bölgələrində hava həyəcanı elan olunub. Səhər saatlarında Sumı şəhərində PUA-nın uşaq bağçasına düşməsi nəticəsində bir qadın mühafizəçi həyatını itirib, 3 nəfər isə yaralanıb.
Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa məsələ ilə bağlı açıqlamasında Moskvanı sülh çağırışlarına məhəl qoymamaqda ittiham edib: "Moskva növbəti dəfə beynəlxalq təşkilatların da dəstəklədiyi ədalətli atəşkəs çağırışına məhəl qoymadı. Bu, Rusiyanın sülh istəmədiyini və 9 may üçün təklif etdiyi 'atəşkəsin' yalnız Moskvadakı paradı keçirmək üçün bir vasitə olduğunu göstərir".
Rasim Əliyev
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.