AZ

III Respublika Hüquq Olimpiadasına start verilib

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş III Respublika Hüquq Olimpiadasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı və Baş Prokurorluğun dəstəyi ilə reallaşıb.

Açılış mərasimində Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov üçüncü ildir keçirilən Respublika Hüquq Olimpiadasının təqdirəlayiq ənənə olduğunu qeyd edib. O bildirib ki, belə tədbirlər tələbələrin nəzəri və təcrübi biliklərinin artmasına imkan yaradır.

BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev həm də hüquq islahatlarının banisidir:”Ümimilli Lider Heydər Əliyev hər zaman hüquq təhsilinə və hüquq elminin inkişafına xüsusi önəm verib. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov diqqətə çatdırıb ki, ölkəmizdə hüquq təhsilinə xüsusi diqqət yetirilir. Olimpiadanın hüquq sahəsində təhsil alan tələbələrin inkişafına töhfə verəcəyinə inandığını ifadə edən Çingiz Əsgərov deyib ki, məhkəmə orqanları və vəkillik qurumları peşəkar hüquqşünasların bu sahədə çalışmasında maraqlıdır.

Baş Prokurorluğun Elm Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə belə olimpiadaların keçirilməsi hüquq sahəsi üzrə praktiki təcrübənin əldə edilməsinə, yaxşı motivasiyanın, sağlam rəqabətin formalaşmasına təkan verir:”Hüquq klassik formasından kənara çıxıb. Belə olimpiadaların keçirilməsi hüquqşünas tələbələrin özlərini sınamalarına və yaxşı mütəxəssis kimi yetişmələrinə imkan formalaşdırır”.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycanda müasir hüquq təhsili və hüquq sisteminin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hüquqşünas kadrların müasir tələblər çərçivəsində yetişməsinin önəminə toxunan deputat süni intellektin tətbiqinin hüquq sisteminə yeniliklər gətirdiyini vurğulayıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi müavini Mirəli Kazımov bildirib ki, hüquqşünas ədalətin yanında olmağı bacarmalıdır. Rəis müavini deyib ki, bugünkü olimpiada gənclərin hüquqi məntiqini və analitik düşüncəsini nümayiş etdirən platformadır.

Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru Əmir Əliyev olimpiadanın gənclərin nəzəri biliklərinin praktikada möhkəmlənməsi, liderliyin təsbiti, stres altında düzgün qərar qəbul etmək və vaxtın düzgün idarə edilməsi bacarıqlarının inkişafına xidmət edəcəyinə ümidvar olduğunu qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər də olimpiadanın əhəmiyyətindən danışıblar.

Daha sonra tədbirin təşkilində iştirak edən dövlət qurumlarının rəhbər və nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, III Respublika Hüquq Olimpiadasının keçirilməsində əsas məqsəd hüquq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri bilik və praktiki bacarıqlarını üzə çıxarmaq, onların hüquqi düşünmə və təhlil qabiliyyətlərini inkişaf etdirmək, eyni zamanda, hüquqşünas gənclər arasında sağlam rəqabət mühitinin formalaşdırmaqdır.

Builki olimpiadada Qarabağ Universiteti də daxil olmaqla ölkənin 9 ali təhsil ocağının hüquq fakültələrindən seçilmiş tələbələrdən ibarət komandalar yarışacaq.

Müxbir - Nailə Həsənova
Fotoqraf - Orxan Kərimov
Seçilən
22
2
azertag.az

3Mənbələr