AZ

Ekspert elektrikli avtomobillərin risklərini AÇIQLADI

Elektrikli avtomobillər uzun müddət dünyanın ən təhlükəsiz və ən səmərəli nəqliyyat vasitələrindən biri kimi təqdim olunub. Onlar ətraf mühitin qorunması baxımından ideal seçim kimi qəbul edilir və avtomobil sənayesinin ən qabaqcıl texnologiyası sayılırdı. Lakin zaman göstərdi ki, bu sahədə də müəyyən çatışmazlıqlar mövcuddur.

Bunu Day.Az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O, elektrikli avtomobillərin nə kimi risklər ehtiva etdiyi ilə bağlı fikirlərini səsləndirib.

Ekspert qeyd edib ki, bəzi müasir elektrikli avtomobillərdə qapı tutacaqlarının dizaynı təhlükə yarada bilir.

"Qəza və ya texniki nasazlıq zamanı qapıların kilidlənməsi sərnişinlərin çıxışını çətinləşdirir. Xüsusilə bəzi Çin istehsalı modellərdə tətbiq olunan gizli tutacaq texnologiyası ilə bağlı narahatlıqlar artmış və artıq bu istiqamətdə məhdudiyyətlər tətbiq olunmağa başlanmışdır.

Digər mühüm məsələ isə batareyaların utilizasiyasıdır. Elektrikli avtomobillərdə istifadə olunan batareyaların zərərli və təhlükəli olması onların necə təhlükəsiz şəkildə emal ediləcəyi sualını hələ də tam açıq saxlayır.

Bundan əlavə, bu avtomobillərin yanğın riski də müzakirə olunur. Belə yanğınların söndürülməsi adi üsullarla mümkün olmur və xüsusi yanaşma tələb edir. Bir çox ölkələr bu cür hallara tam hazır deyil", - deyə o bildirib.

E.Muradlı vurğulayıb ki, buna baxmayaraq, elektrikli avtomobillər hələ də müasir texnologiyanın əsas istiqamətlərindən biri hesab olunur və davamlı olaraq təkmilləşdirilir:

"Lakin son dövrlərdə bəzi ölkələr və regionlar, o cümlədən Avropa, tam elektrikləşməyə keçid planlarına daha ehtiyatla yanaşmağa başlayıb. Məsələnin gələcəkdə necə həll olunacağı isə zamanla daha aydın olacaq", - o deyib.

Nəsimi Ələsgərli

Seçilən
7
day.az

1Mənbələr