AZ

“Kiçik qızı onsuz qalmırmış, necə alışacaq bu itkiyə...” - Partlayışda ölən həkimdən yazdı

Mətbuat Şurasının sədrinin müavini Səadət Məmmədova Milli Onkologiya Mərkəzinin partlayış nəticəsində həyatını itirən həkim-radioloqu Asif Nəsirli ilə bağlı paylaşım edib.

O, hadisədən bir gün əvvəl həkimlə xəstəxanada qarşılaşıb:

“Bu gün səhərdən Milli Onkologiya Mərkəzinin bütün korpuslarının girişində Asif doktorun kədərli vida guşəsi yaradılıb. Hər yerdə şəkillərindən son dəfə xəstələrinə boylanır. Təkcə xəstəxana heyəti yox, xəstələrin də çoxu yaxınlaşıb ehtiram bildirir.

Hadisədən bir gün əvvəl şüa şöbəsində idim, anamı gözləyərkən hər detalı müşahidə edirdim. Bir ucaboylu, yaraşıqlı həkim tələbələri şöbədə gəzdirir, avadanlıq və radioloji fəaliyyətlə tanış edirdi. Ürəyimdə düşündüm ki, necə mədəni davranır gənclərlə, əhsən. Hər müəllim tələbənin yanına özü düşüb gəzdirmir, köməkçilərdən kiməsə tapşırır. Ertəsi gün partlayış hadisəsi baş verəndə həmin həkimin xəsarət alması xəbəri yayıldı. Fotodan tanıdım. Günlərlə oraya gedib gələrkən hamının onun üçün dua etdiyinin şahidiyəm.

Dünən bir həkimin qapısının önündə gözləyəndə xanım pasiyent dedi ki, Asif doktorun xəstələrini bölüblər başqa həkimlərin arasında. “Allah mənim həkimimə acil şəfa versin, qayıdıb özü müalicəmə davam eləsin, o qədər yaxşı həkimdir ki, ondan başqasına sanki ürək qızdıra bilmirəm” dedi və doktorunun sağalıb qayıtmasına o qədər ürəkdən dua etdi ki. Kaş ki, dualar qəbul olunaydı.

Bu gün MOM-da şüa şöbəsinin texnikləri, qeydiyyat şöbəsinin qızları, bütün həkimlər yas içindədir, bəzisi dindirən kimi ağlayır. Deyirlər ki, “Asif doktor elə bir həkim idi və elə bir insan idi ki, onun itkisi bizi dərindən sarsıdıb. Yol pulu olmayan xəstəyə cibindən pul verdiyinin dəfələrlə canlı şahidi olmuşuq. Heyf ondan…Ən çətin xəstələri ona verirdilər, hətta penitensiar xidmətdən gətirilənlərə də o baxırdı, heç vaxt heç kəsin qəlbini qırmazdı, hər kəsin müalicəsinə yüksək səviyyədə yanaşardı.

Ona görə də sosial şəbəkələrdə onun haqqında bəzi yazılanlar doktorun ölümü qədər bizi üzür, heç biri həqiqət deyil. Vallah onun haqqında ancaq yaxşı sözlər demək mümkündür. Bilirsiniz necə yaxşı müəllim idi, rus və ingilis dillərini əla bildiyi üçün xarici tələbələrə də dərs deyirdi və s.

Asif doktorun həyat yoldaşı da həkimdir və MOM-da çalışır. İki qız övladı qalıb. İşçilər deyir ki, kiçik qızı onsuz qalmırmış. İndi necə alışacaq bu itkiyə...”

həkim.jpg

Şahanə Rəhimli
Musavat.com

Seçilən
9
50
musavat.com

10Mənbələr