Bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Publika.az xəbər verir ki, “Ümummilli Lider Heydər Əliyevin irsi: müstəqil Azərbaycanın memarı və milli dirçəlişin müəllifi” adlı tədbirin iştirakçıları Ulu Öndərin büstü önünə gül dəstələri qoydular, daha sonra əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Dövlət Himni səsləndirildi. Daha sonra isə Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən bəhs edən sənədli filmin baxışı keçirildi. Filmdə Ümummilli Liderin müasir Azərbaycan dövlətinin qurulmasında və təşəkkül tapmasında müstəsna xidmətlərindən söz açıldı.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətinin Azərbaycan xalqının tarixində dərin izlər buraxdığını qeyd etdi. Bildirdi ki, Heydər Əliyevin siyasi irsi əsl dövlət idarəçiliyi məktəbinə çevrilib və bu gün biz bundan faydalanırıq. O, bu gün Ulu Öndərin siyasətinin onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Natiq Ulu Öndərin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən və Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı prosesində müstəsna rolundan söz açdı.
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi və siyasi sahələrdə əldə olunan böyük uğurlarda roluna diqqət çəkdi. Bildirdi ki, Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu gün dünyada öz sözünü deyən, qlobal proseslərdə fəal iştirak edən güclü bir dövlətə çevrilib. Bahar Muradova xatirələrini bölüşərək 90-cı illərin birinci yarısında ölkəmizin üzləşdiyi çətinliklərdən və YAP-ın yaranmasından söz açdı. Qeyd etdi ki, Ulu Öndər sanki gələcəyi görürdü və onun hər siyasi addımı özünü tam doğrultdu. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hamının hesablaşdığı dövlətə çevrilib. Avropa Siyasi Birliyinin son zirvə görüşünə toxunan Bahar Muradova “Cənab Prezident İlham Əliyev öz səsi ilə İrəvana qədəm qoydu” deyərək ölkə rəhbərliyinin qarşıda duran bütün hədəfləri məqsədyönlü şəkildə həyata keçirdiyini vurğuladı. O, Azərbaycanın bu gün tarixi şanslardan uğurla istifadə etdiyini bildirdi.