“Apple” ABŞ-də iPhone istifadəçiləri ilə bağlı açılmış məhkəmə iddiasını həll etmək üçün 250 milyon ABŞ dolları ödəməyə razılaşıb. Şirkət heç bir qanun pozuntusunu qəbul etməsə də, razılaşma Kaliforniya federal məhkəməsində təsdiq olunmaq üçün təqdim edilib.
“BBC” xəbər verir ki, iddialara görə, şirkət “Apple Intelligence” adlandırdığı süni intellekt funksiyalarının, xüsusilə Siri səs köməkçisinin təkmilləşdirilməsi ilə bağlı istifadəçiləri çaşdırıb və reallıqda mövcud olmayan imkanları reklam edib. Razılaşmaya əsasən, 2024-cü ilin iyun ayı ilə 2025-ci ilin mart ayı arasında ABŞ-də iPhone 15 və iPhone 16 alan istifadəçilərə 25-95 ABŞ dollar arası kompensasiya ödəniləcək.
Şirkət bildirib ki, məsələ “Apple Intelligence” çərçivəsində təqdim edilən bəzi xüsusiyyətlərin mövcudluğu ilə bağlı anlaşılmazlıqdan yaranıb və bu addım istifadəçilərə daha innovativ məhsullar təqdim etməyə fokuslanmaq məqsədi daşıyır. İddiaçı tərəfin vəkilləri isə “Apple”ın hələ mövcud olmayan və yaxın zamanda istifadəyə verilməsi gözlənilməyən süni intellekt imkanlarını “böyük yenilik” kimi təqdim etdiyini bildirib. Onların fikrincə, bu kampaniya texnologiya sahəsində, xüsusilə “OpenAI” və “Anthropic” kimi şirkətlərlə rəqabət fonunda həyata keçirilib.
Şikayətdə, həmçinin qeyd olunub ki, iPhone 16 modeli istifadəçilərə vəd edilən “təkmilləşdirilmiş Siri” funksiyası olmadan təqdim olunub.
Təhminə VERDİYEVA,
“Azərbaycan”