Bakı, 6 may, AZƏRTAC
Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının (Aİ) öz strateji muxtariyyətini gücləndirmək və xarici riskləri azaltmaq strategiyasının mühüm elementinə çevrilir.
Bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında italiyalı politoloq, Avropa araşdırmaları proqramının direktoru Stefano Braqiroli səsləndirib.
Onun sözlərinə görə, müasir çağırışlar Avropanı energetika və logistika sahələrində yeni, daha dayanıqlı əməkdaşlıq modelləri axtarmağa sövq edir.
Ekspert qeyd edib ki, “Global Gateway” təşəbbüsü çərçivəsində Aİ təkcə enerji mənbələrini deyil, həm də nəqliyyat marşrutlarını diversifikasiya etməyə çalışır və bu kontekstdə Azərbaycan sadəcə resurs təchizatçısı deyil, sabit və etibarlı tərəfdaşlığı təmin etməyə qadir strateji tərəfdaş kimi çıxış edir. “Belə əməkdaşlıq Avropaya təkcə enerji təhlükəsizliyini gücləndirməyə deyil, həm də formalaşmaqda olan çoxqütblü sistemdə öz rolunu daha inamla qurmağa imkan verir”, – deyə politoloq vurğulayıb.
Müəllif – Tamilla Məmmədova