Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Tovuz, 6 may, AZƏRTAC
Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Təhsil İdarəsi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış Tovuz rayon Nizami adına Mədəniyyət Evində təşkil olunub.
Tədbirdən əvvəl iştirakçılar Tovuz şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək xatirəsini dərin ehtiramla yad edib. Daha sonra Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “LA” rəsm kursunun şagirdləri yarış müddətində Ulu Öndər Heydər Əliyevin portretlərini əks etdirən rəsm işləri təqdim edib.
Yarışda ümumilikdə 21 komanda üzrə 105 nəfər müəllim iştirak edib. İlk raundda iştirakçılara 20 sual ünvanlanıb, nəticələrə əsasən 8 komanda yarımfinal mərhələsinə vəsiqə qazanıb, yarımfinal mərhələsinin yekununda isə 4 komanda finala yüksəlib. Final mərhələsi “Xəmsə” televiziya oyununun formatına uyğun şəkildə təşkil olunub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən birinci yerə Tovuz rayonu İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbinin “Alpaqut” komandası, ikinci yerə Tovuz rayonu Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbinin “Flaqman” komandası, üçüncü yerə isə Tovuz rayonu Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbinin "Qaliblər" komandası layiq görülüb.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və kuboklarla təltif edilib.
Müxbir -Ruslan Novruzoğlu










Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.