AZ

İrəvanın silahlanma yanğısı: Ermənistan UNO hücumuna hazırlaşır?

Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri əsnasında iki ölkə arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb.

Həmçinin,Ermənistanın Müdafiə Nazirliyi İrəvanda Fransa şirkətləri ilə yeni hərbi müqavilələr imzalayıb. Fransanın “Airbus Helicopters” şirkəti ilə imzalanan müqavilə əsasən, Ermənistan ordusu üçün nəqliyyat helikopterləri idxal olunacaq. Fransanın “SOFEMA Group” şirkəti ilə isə  müasir hərbi geyim və təchizatın alınmasına dair saziş bağlanıb.

Xatırladaq ki, Ermənistan bundan öncə də Fransadan xeyli sayda zirehli maşın, artilleriya sistemləri və s. alıb. Makronun Ermənistana səfəri zamanı isə İrəvan öz hərbi təchizatını demək olar ki, Fransaya “həvalə edib”. Belə ki, artıq bundan sonra Ermənistan ordusunun nəqliyyat ehtiyacından tutmuş, geyim və digər texniki təchizatına qədər bir çox ehtiyacı Fransa tərəfindən qarşılanacaq ki, bu da ciddi yenilikdir. Bu, Rusiyaya açıq-aşkar arxa çevirən Ermənistanın Qərblə birmənalı yaxınlaşma xətti yürütdüyünü göstərir. Azərbaycan üçün isə işin daha maraqlı tərəfi İrəvanın silahlanma yanğısının heç cürə səngiməməsi, eyni vüsətlə davam etməsidir.

Yada salaq ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Fransa, Hindistan və s. ölkələrdən hərbi texnika idxalı pik həddə çatıb. Müharibənin başa çatmasından illər ötsə də, Ermənistanın silahlanma tempi nəinki azalmayıb, əksinə, artıb. Bu isə “Ermənistan bunca sürətlə niyə silahlanır” sualını avtomatik olaraq aktuallaşdırır. Çünki balaca Ermənistanın böyük silah ehtiyatına nəzər salanda insanda az qala belə bir təəssürat yaranır ki, İrəvan hasısa mistik qüvvələrin həmləsini dəf etməyə, yaxud UNO hücumuna hazırlaşır. Əgər belə olmasaydı, o zaman rəsmi İrəvan 44 günlük müharibədə darmadağın olan, hərbi potensialı ilə yanaşı, iqtisadi-maliyyə gücününü də önəmli bir qismini itirən ölkə kimi əsas diqqəti yeni silahların alınmasına deyil, çökən iqtisadiyyatın dirçəldilməsinə yönəldərdi. Hansı ki, bu gün biz tamamilə əks prosesi müşahidə etməkdəyik.

Lakin Ermənistan bilməlidir ki, əgər bunca silah-sursat Azərbaycanla mümkün müharibə ehtimalı üçün yığılırsa, o zaman döyüş günü gələndə bu ehtiyatın İrəvana heç bir faydası olmayacaq. İrəvanın bunu anlaması üçün 44 günlük müharibəyə nəzər salması kifayətdir.

Seymur ƏLİYEV

 

Seçilən
18
1
moderator.az

2Mənbələr