AZ

Avropa Parlamentinin “seçmə” ədaləti

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Avropa Parlamentinin Cənubi Qafqazla bağlı son qətnaməsi və Avropa İttifaqı (Aİ) institutlarının region siyasəti ətrafında yaranan mübahisələr siyasi etimadsızlığa səbəb olub. Gürcüstan və Azərbaycanla bağlı qəbul edilən sənədlər və bəyanatlar göstərir ki, Avropa institutlarının “demokratiya və dəyərlər” mesajı ilə real siyasi davranışları arasında ziddiyyət mövcuddur. Bunu Avropa Parlamentində Gürcüstanla bağlı qəbul edilən hesabat və ardınca səslənən bəyanatlar təsdiqləyir. Bu sənədlər bir tərəfdən “demokratiyanın müdafiəsi” və “Avropa inteqrasiyasının dəstəklənməsi” kimi təqdim olunur, digər tərəfdən isə Tbilisidə yanaşmanın selektiv, ziddiyyətli və siyasi motivli olduğu barədə fikirlər səsləndirilir.

Yada salaq ki, Avropa Parlamentinin Gürcüstanla bağlı illik hesabatı 53 deputatın dəstəyi, 14 deputatın etirazı ilə qəbul edilib. Sənəddə ölkədə demokratik geriləmə, artan repressiyalar, düşmənçilik ritorikası, dezinformasiya və təhdidlər fonunda Gürcüstanın Avropa kursundan uzaqlaşdığı iddia olunur. Bundan əlavə, sənəddə ATƏT çərçivəsində 24 ölkənin təşəbbüsü ilə “Moskva mexanizmi”nin işə salınması alqışlanır. Bu mexanizm Gürcüstanda öhdəliklərin yerinə yetirilməsini qiymətləndirmək üçün ekspert missiyasının göndərilməsinə imkan verir.

Eyni zamanda, sənəd “gürcü xalqı ilə tam həmrəylik” ifadə edir və Avropa dəyərləri uğrunda mübarizənin dəstəkləndiyini bildirir. Məhz bu nöqtədə sənədin daxili məntiqində ziddiyyətlər açıq şəkildə görünür. Çünki bir tərəfdən xalqla həmrəylik vurğulanır, digər tərəfdən isə xalqın yaşadığı ölkəyə qarşı sanksiyalar, vizasız rejimin dayandırılması ehtimalları və siyasi təcrid mexanizmləri kimi təzyiq alətləri gündəmdə saxlanılır. Bu yanaşma faktiki olaraq cəmiyyət və hakimiyyət arasında süni bölgü yaradır və regionda siyasi sabitliyə təhdid sayılı.

Beləliklə, Gürcüstan ətrafında formalaşan vəziyyət yalnız ikitərəfli münasibətlər böhranı deyil, həm də Aİ-nin öz daxilində dəyərlər siyasəti ilə realpolitik yanaşma arasındakı gərginliyin təzahürüdür. Sənədlərdə demokratiya və həmrəylik ritorikasından istifadə olunsa da, praktik nəticələr və təklif olunan mexanizmlər daha çox təzyiq və təsir alətlərinə əsaslanır. Bu, həm Gürcüstan–Aİ münasibətlərində, həm də ümumilikdə Cənubi Qafqazın geosiyasi mənzərəsində yeni qeyri-müəyyənlik mərhələsinin formalaşdığını göstərir.

Gürcüstan Xarici İşlər Nazirliyi bu yanaşmaya sərt reaksiya verərək Avropa Parlamentinin hesabatını reallıqdan tamamilə uzaq, faktların qəsdən təhrifinə və məlumatların manipulyasiyasına əsaslanan siyasi sənəd kimi qiymətləndirib. Rəsmi Tbilisinin mövqeyinə görə, bu cür yanaşma Gürcüstan cəmiyyətində radikal meyilləri qütbləşdirir, siyasi gərginliyi artırır və ictimai sabitliyə mənfi təsir göstərir. Eyni zamanda, vurğulanıb ki, Aİ-nin bu mövqeyi ikitərəfli münasibətlərə zərər vurur və ortaq strateji maraqları zəiflədir.

Yaranmış ziddiyyətli mənzərə Aİ-nin Cənubi Qafqaz siyasətində daha geniş sistem probleminin tərkib hissəsidir. Bir tərəfdən Gürcüstan Avropa üçün strateji əhəmiyyətli ölkə kimi təqdim olunur, xüsusilə nəqliyyat dəhlizləri və enerji marşrutları baxımından onun rolu vurğulanır. Digər tərəfdən, eyni ölkəyə qarşı sərt siyasi qiymətləndirmələr və kollektiv məsuliyyətə yaxın yanaşmalar tətbiq edilir. Bu ikili yanaşma Avropa institutlarının regiona münasibətində normativ dəyərlərlə geosiyasi maraqların paralel, lakin çox vaxt ziddiyyətli şəkildə işlədiyini göstərir.

Avropa Parlamentinin sənədində həmçinin Gürcüstanın Aİ-yə namizəd ölkə kimi “ikinci illik hesabatı”nın təqdim olunduğu qeyd edilir və siyasi vəziyyətlə bağlı narahatlıqlar geniş şəkildə əks olunur. Lakin sənəddə istifadə olunan ritorika “dəstək” və “tənqid” arasındakı sərhədi bulandırır. Bir tərəfdən demokratik dəyərlərin qorunması çağırışları edilir, digər tərəfdən isə bu prosesə görə məsuliyyət daşıyan siyasi qüvvələrə qarşı sərt sanksiya mexanizmləri təşviq olunur.

Gürcüstan hakimiyyəti bu yanaşmanı ölkənin suveren siyasi kursuna birbaşa müdaxilə kimi qiymətləndirir və Avropa institutlarının obyektivliyini sual altına alır. Parlament sədri və hökumət rəsmiləri dəfələrlə bildiriblər ki, Aİ-nin bəzi strukturları artıq beynəlxalq siyasətdə əvvəlki təsir gücünü itirib və daha çox daxili siyasi gündəmlərin təsiri altında fəaliyyət göstərir. Bu isə Gürcüstan kimi ölkələrlə münasibətlərdə etimad böhranını daha da dərinləşdirir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstan əhalisini şantaj etməyə çalışırlar: “Konkret bürokratlar, daha doğrusu, onların arxasında duran qeyri-rəsmi idarəçilər gürcü xalqını “kollektiv Milli Hərəkatı” hakimiyyətə qaytarmadığı üçün bağışlaya bilmir. Buna görə də cəmiyyətimizi daimi şantaj altında saxlamağa çalışırlar ki, bu da sadəcə, ədalətsiz yanaşmadır və bu yanaşma təsirli də deyil. Kimsə belə siyasətlə nəyəsə nail olacağını düşünürsə, bu, alınmayacaq”.

Bu selektiv yanaşma və etimad böhranı Azərbaycanla bağlı müzakirələrdə də özünü göstərir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə yaranmış yeni status-kvo artıq beynəlxalq hüquqi reallıq olsa da, Avropa Parlamentinin 2026-cı il 30 aprel tarixli qətnaməsi bu faktı nəzərə almadan obyektivlikdən və beynəlxalq hüququn fundamental prinsiplərindən uzaq mövqe sərgiləyib. Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi kimi qurumların bəyanatlarında qeyd olunduğu kimi, həmin sənəd Cənubi Qafqazdakı mövcud reallıqları təhrif, Azərbaycanın suveren hüquqlarına isə hörmətsizlik nümayiş etdirir. Xüsusilə “Dağlıq Qarabağ” ifadəsindən istifadə Azərbaycanın hüquqi-inzibati reallıqlarının təhrif edilməsidir. Eyni zamanda, Qarabağ ermənilərinin “qayıdış hüququ” ilə bağlı müddəaların birtərəfli təqdim olunması Azərbaycanın daxili işlərinə müdaxilədir. Bununla yanaşı, Avroparlamentin Ermənistanın işğalı nəticəsində öz yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu nəzərə almaması ədalətsizlik və selektiv yanaşma nümunəsidir.

Bundan başqa, Aİ-nin Ermənistandakı missiyasının birtərəfli şəkildə yalnız “sabitləşdirici faktor” kimi təqdim olunması regiondakı mürəkkəb təhlükəsizlik reallıqlarının nəzərə alınmamasıdır. Ümumiyyətlə, hesabat reallıqdan tamamilə uzaqdır, faktlar qəsdən təhrif edilir, absurd ittihamlar irəli sürülür və dezinformasiya yaymaq üçün məlumatları manipulyasiya etmək metodlarından istifadə olunur. Aİ institutunun bu cür ədalətsiz münasibəti Azərbaycanla Aİ arasındakı münasibətləri sarsıdır və ortaq maraqlarımıza zərər verir. Mövcud geosiyasi reallıqların düzgün qiymətləndirilməsi isə yalnız prinsipial və selektivlikdən uzaq yanaşma ilə mümkündür.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən gürcüstanlı siyasətçi Vüqar İsayev vurğuladı ki, Avropa Parlamentinin həm Gürcüstan, həm də Azərbaycanla bağlı sərgilədiyi son mövqe bu institutların daxilindəki dəyərlər siyasəti ilə "realpolitik" yanaşma arasındakı gərginliyin təzahürüdür: “Regionda davamlı sülh və sabitlik deklarativ bəyanatlarla deyil, yalnız dövlətlərin suverenliyinə və hüquqi obyektivlik prinsiplərinə sadiqlik nümayiş etdirildiyi təqdirdə mümkündür. Əks təqdirdə, Avropa institutlarının bu cür siyasi seçiciliyə əsaslanan fəaliyyəti onları regionun gələcək arxitekturasında həlledici aktor olmaqdan çıxararaq, sadəcə, gərginliyi artıran tərəfə çevirə bilər.

Pünhan ƏFƏNDİYEVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr