AZ

Havalar belə keçsə... Məhsul yığımı sual altında

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yaz fəslinin sonuna yaxınlaşsaq da, havaların hələ də sərin keçməsi kənd təsərrüfatı sahəsində müəyyən narahatlıqlar yaradıb. Fermerlər bildirirlər ki, temperaturun normadan aşağı olması bəzi məhsulların əkini, çiçəkləmə prosesi və məhsuldarlığa təsir göstərə bilər. Xüsusilə meyvə bağları, tərəvəz sahələri və kartof əkini ilə məşğul olan təsərrüfat sahibləri hava şəraitini diqqətlə izləyirlər. Uzun müddət davam edən qeyri-sabit hava şəraiti məhsulun yetişmə vaxtını gecikdirə, bəzi hallarda isə xəstəlik və zərərverici riskini artıra bilər. Bununla yanaşı, bəzi fermerlər yağışların torpaq üçün faydalı olduğunu və yay aylarında su ehtiyatlarına müsbət təsir göstərə biləcəyini düşünür. Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, havaların yağmurlu keçməsi, təbii ki, kənd təsərrüfatında müəyyən proseslərin ləngiməsinə və bəzi xəstəliklərin yayılmasına səbəb olur:“Bu, əlbəttə ki, qaçılmazdır. Əsas məsələlər və problemlərdən biri istiliksevən bitkilərlə bağlıdır. Pomidor, bibər və digər bu kimi bitkilərin torpağa köçürülməsi ləngiyir. Halbuki bu bitkilər müsbət 12-15 dərəcə temperaturda kök sistemini daha yaxşı inkişaf etdirir, aşağı temperaturda isə inkişaf dayanır. Buna görə də onların torpağa köçürülməsi gecikir və bu da ümumilikdə fəslin gecikməsi ilə əlaqədardır. Yağışlı havalar çəyirdəkli meyvələrdə monilioz, yəni "çiçək yanığı" adlanan xəstəliyin yayılmasına ciddi təkan verir. Buna görə mütləq aqrotexniki tədbirlər görülməlidir. Çəyirdəkli meyvələrdə yarpaqdan yemləmə daha intensiv həyata keçirilməlidir. Çünki torpaqda istiliyin zəif olması kökdən qidalanmanı ləngidir. Bu səbəbdən azot tərkibli preparatlardan istifadə məqsədəuyğundur. Xüsusilə kökdən yemləmədə, ağac və meyvə bitkilərində azot gübrələri, o cümlədən nitrat tərkibli gübrələrin tətbiqi daha məqbuldur”.O qeyd edib ki, yağışlı hava çiçəkləmə dövründə tozlanma prosesini də ləngidir:“Arıların və digər həşəratların fəaliyyəti azalır. Məlumdur ki, arılar sərin havada passivləşir və bu, çiçəkləmə mərhələsində ciddi problemlər yaradır. Digər tərəfdən, pambıq və günəbaxan kimi payızda yığılan bitkilərin inkişafı da ləngiyir. Əkin gecikdikdə, yığım da gecikir və nəticədə payızın yağışlı dövrünə düşür. Bu isə məhsul yığımında əlavə çətinliklər yarada bilər. Eyni problem payızda yığılan bəzi tərəvəzlər üçün də proqnozlaşdırılır. Burada əsas məsələ innovasiyaların tətbiqinin vacibliyidir. İqlim dəyişikliyi fermerlərə və aidiyyəti qurumlara göstərir ki, müasir texnologiyalardan geniş istifadə edilməlidir. Ekologiya Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Hava proqnozları əvvəlcədən fermerlərə çatdırılmalıdır. Fermerlərin əksəriyyəti subsidiya sistemində qeydiyyatda olduğuna görə onların mobil məlumat bazası mövcuddur. Bu imkanlardan istifadə edilərək qabaqlayıcı məlumatlandırma təmin olunmalıdır. Belə olduqda fermerlər aqrotexniki tədbirləri vaxtında görə, riskləri minimuma endirə bilərlər”.Ekspert çıxış yolu kimi innovativ texnologiyaların tətbiqini və qurumlararası koordinasiyanı vacib sayır. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə fəaliyyət göstərməli olduğunu bildirib. Fermerlərin mobil məlumat bazası vasitəsilə hava proqnozları barədə öncədən xəbərdar edilməsi riskləri minimuma endirə bilər.Qısası, havaların sərin və yağışlı keçməsi bitkilərin böyüməsini gecikdirir, xəstəlik riskini artırır və məhsul yığımının vaxtını dəyişdirərək fermerlər üçün əlavə çətinliklər yaradır.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
demokrat.az

1Mənbələr