ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Vaşinqton və Pekin süni intellekt (Sİ) məsələsinin ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpinq arasında keçiriləcək görüşün gündəliyinə daxil edilməsini nəzərdən keçirir.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər süni intellektin qeyri-proqnozlaşdırılan davranışı, avtonom hərbi sistemlərin tətbiqi və açıq mənbəli güclü modellərdən hücum məqsədilə istifadə olunması ilə bağlı riskləri müzakirə etmək niyyətindədirlər.
Nəşrin qeyd etdiyinə görə, daha güclü Sİ modellərinin yaradılması uğrunda yarış elə bir böhrana səbəb ola bilər ki, onun öhdəsindən nə ABŞ, nə də Çin təkbaşına gələ bilməz.
Qəzet yazır ki, süni intellekt mövzusunun sammitin gündəliyinə salınıb-salınmayacağı ilə bağlı yekun qərarı Donald Tramp və Si Cinpinq verəcəklər.
Nəşr xatırladır ki, 2023-cü ildə Si Cinpinq və həmin dövrdə ABŞ prezidenti olan Co Bayden süni intellekt məsələləri üzrə iki ölkə arasında dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər. 2024-cü ildə Peruda keçirilən görüşdə isə tərəflər nüvə silahları sahəsində süni intellekt üzərində insan nəzarətinin qorunmasının vacibliyini qəbul etmişdilər.
Nəşr hesab edir ki, Tramp administrasiyası dövründə də Sİ mövzusunun dövlət liderləri səviyyəsində yenidən gündəmə gətirilməsi tərəflərin bu texnologiyanın yaratdığı riskləri anladıqlarını və onların ən yüksək səviyyədə müzakirəsinə ehtiyac duyulduğunu göstərir.
Ağ Evin rəhbərinin Çinə səfəri mayın 14-15-nə planlaşdırılıb.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.