AZ

Rusiyada iqtisadçılara yanacaq və ərzaq qiymətlərinin artımını proqnozlaşdırmaq qadağan edilib

Rusiyanın Federal Antiinhisar Xidməti analitikləri malların qiymət artımı ilə bağlı ictimai proqnozlar verməkdən çəkindirməyə başlayıb...

Poliqon xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri qurumun açıqlamasına istinadən məlumat yayıb.

Qurumun mətbuat xidməti bildirib ki, belə proqnozlar bazar iştirakçıları tərəfindən qiymətlərin dəyişdirilməsinə çağırış kimi qəbul edilə və istehlakçılar arasında süni tələbat artımına səbəb ola bilər.

Antiinhisar xidmətinin narazılığına səbəb investisiya şirkəti “Rikom-Trest”in analitika şöbəsinin rəhbəri Oleq Abelevin mediada ərzaq məhsullarının bahalaşacağı ilə bağlı səsləndirdiyi proqnoz olub.

Bundan başqa, “GIS Mining” şirkətinin kommunikasiya direktoru və “Alyans Traks” şirkətinin baş direktoru da yanacaq qiymətlərinin artacağına dair açıqlamalarına görə xəbərdarlıq alıblar.

“The Moscow Times” qeyd edir ki, Rusiya Federal Antiinhisar Xidməti daha əvvəl də ərzaq, dərman və yanacaq qiymətlərinin artımı ilə bağlı proqnozlar verən ekspertlərə oxşar xəbərdarlıqlar göndərib.

Məsələn, 2018-ci ildə Altay diyarı üzrə antiinhisar idarəsi Altay Taxıl Emalı Birliyinin prezidenti Valeri Qaçmana çörəyin ən azı 10 faiz bahalaşacağı ilə bağlı açıqlamasına görə xəbərdarlıq etmişdi.

Rusiya rəsmiləri hesab edirdilər ki, bu cür bəyanatlar çörək bazarında fəaliyyət göstərən şirkətlər üçün qiymət siyasətinin koordinasiyası və birgə bahalaşma siqnalı rolunu oynaya bilər.

2019-cu ilin mayında isə Müstəqil Yanacaq İttifaqının prezidenti Pavel Bajenov yanacaq böhranı fonunda benzinin qiymətləri ilə bağlı proqnozlarına görə xəbərdarlıq almışdı.

Bu il də oxşar halların davam etdiyi bildirilir. Yanvar ayında “Agro and Food Communications” agentliyinin idarəedici partnyoru Aleksandr Pançenkoya ərzaq qiymətlərinin 30 faizə qədər arta biləcəyi barədə açıqlamasına görə xəbərdarlıq göndərilib.

Apreldə isə “Sberbank Lizinq” şirkətinin rəhbəri avtomobil qiymətlərinin 15 faiz bahalaşacağını proqnozlaşdırdığı üçün eyni tədbirlə üzləşib. Avtoservis İttifaqının rəhbərliyinə də mühərrik yağları və əlavələrin qiymətlərinin 5-15 faiz artacağı barədə açıqlamalarına görə xəbərdarlıq edilib.

Nəşr yazır ki, antiinhisar orqanlarının xəbərdarlıqlarına məhəl qoyulmaması şirkətlərdə növbədənkənar yoxlamalara səbəb ola bilər. Daha sonra isə rəsmi göstəriş və onun yerinə yetirilməməsi halında cərimələr tətbiq edilə bilər.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr