Bakı, 7 may, AZƏRTAC
Pakistanda saxlanılan 491 əfqan məhbus və daha 4 min 772 qaçqın Əfqanıstana qayıdıb.
AZƏRTAC Sinxua agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb. Məlumata görə, Pakistanın müxtəlif həbsxanalarından azad edilən əfqanlar ölkənin cənubundakı Spin Boldak (Qəndəhar vilayəti) və şərqdəki Torxam (Nangarhar vilayəti) sərhəd-keçid məntəqələri vasitəsilə vətənlərinə keçiblər.
Geri Qayıdanların Problemlərinin Həlli üzrə Ali Komissiyadan bildirilib ki, həmin şəxslərə sərhəddə ilkin humanitar yardım göstərilib, daha sonra isə reinteqrasiya prosesi üçün müvafiq vilayətlərə yola salınıblar. Qeyd edək ki, son bir il ərzində İran və Pakistandan ümumilikdə 3 milyona yaxın əfqan qaçqını öz yurduna geri dönüb.