AZ

Media maqnatı və CNN-in qurucusu Ted Terner vəfat edib

CNN telekanalının qurucusu, media maqnatı Ted Terner 87 yaşında vəfat edib. Oxuməni.az xəbər verir ki, bu barədə onun şirkəti “Turner Enterprises” mayın 5-də məlumat yayıb.

Şirkətin bəyanatında bildirilir ki, o, ailəsinin əhatəsində dünyasını dəyişib. Geridə beş övladı, 14 nəvəsi və iki nəticəsi qalıb.

CNN xatırladır ki, Terner 2018-ci ildə beynində Levi cisimcikləri olan proqressiv xəstəlik – Lewy body dementia (LBD) diaqnozu qoyulduğunu bildirmişdi. Keçən ilin əvvəlində o, yüngül pnevmoniya ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra reabilitasiya mərkəzində sağalmışdı.

“Turner Enterprises”-in saytında qeyd olunur ki, Terner kabel televiziyasının pioneri olub və ən çox CNN və Turner Broadcasting (TBS) telekanallarının yaradıcısı kimi tanınır.

Turner Advertising şirkəti ABŞ-da beş radio stansiyası alıb, sonra isə onları sataraq Corciyanın Atlanta şəhərində 17-ci kanalı (Terner Communications Group, indi Turner Broadcasting System adlanır) əldə edib. Terner bu kanalı WTCG adlandırıb. WTCG, Atlanta Braves beysbol komandasının oyunlarını yayımlamaq hüququnu qazanıb ki, bu da tamaşaçı auditoriyasını genişləndirib və populyarlığını artırıb. Daha sonra WTCG, WTBS olaraq yenidən adlandırılaraq peyk televiziyasına keçirilib, bu da ona NBC və CBS kimi milli nəhənglərlə rəqabət aparmağa imkan verib.

1980-ci ildə Terner dünyanın ilk 24 saatlıq qlobal xəbər şəbəkəsi olan Cable News Network (CNN)-i yaradıb. Sonrakı 20 il ərzində Turner Broadcasting şirkətinə Headline News (HLN), CNN International, Turner Network Television (TNT), Cartoon Network və Turner Classic Movies (TCM) kimi telekanallar daxil olub.

Həmçinin, onun yaratdığı Turner Broadcasting System-in keçmiş şəbəkələri və aktivləri Warner Bros. Discovery-ə məxsusdur. 1996-cı ildə onun şirkəti Time Warner ilə birləşib, bu da öz növbəsində 2021-ci ildə AOL ilə birləşərək AOL-Time Warner olub. Daha sonra şirkət əvvəlki adını – Time Warner-i geri qaytarıb, Terner isə 2023-cü ildə şirkətdən tamamilə ayrılıb, 2005-ci ildə isə direktorlar şurasından istefa verib.

Terner xeyriyyəçiliklə də məşğul olub. 1997-ci ildə o, xüsusi olaraq yaradılmış BMT Fonduna 1 milyard dollar bağışlamağı vəd edib və bu öhdəliyini 2014-cü ildə yerinə yetirib.

Qeyd edək ki, Forbes-in qlobal milyarderlər reytinqində 1521-ci yerdə qərarlaşan Ternerin sərvəti Forbes Real-Time Billionaires-in mayın 6-da verdiyi məlumata görə 2,8 milyard dollar təşkil edirdi.

Almaz Həsənli

Seçilən
41
oxumeni.az

1Mənbələr