AZ

Müdafiə naziri Ukraynadan Rusiyaya istiqamətlənmiş dronların Latviyaya düşdüyünü ehtimal edir - Yenilənib 

Latviya ərazisinə düşən dronlara görə NATO qırıcıları havaya qaldırılıb...

“Delfi” xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds bildirib.

“Orada vəziyyət həqiqətən mürəkkəbdir və təhlükə qalmaqdadır”, – Spruds vurğulayıb.

Nazirin sözlərinə görə, baş verən hadisə Rusiyanın Ukraynaya qarşı təcavüzünün region üçün daha geniş nəticələr doğurduğunu bir daha nümayiş etdirib.

“Ukraynanın özünü müdafiə etmək və Rusiya ərazisindəki hədəflərə zərbə endirmək hüququ var”, – müdafiə naziri vurğulayıb.

Spruds deyib ki, ilkin ehtimallara əsasən, Latviyaya Ukrayna tərəfdən Rusiyaya istiqamətlənmiş dronlar daxil olmuş ola bilər. Lakin o qeyd edib ki, bu məlumatlar hələ təsdiqlənməyib.

Nazir, eyni zamanda, aidiyyəti qurumlarla yerli idarəetmə orqanları arasında fəal koordinasiyanın davam etdiyini və məsələnin hökumət səviyyəsində də müzakirə olunacağını bildirib.

***

Rusiya istiqamətindən gələn bir neçə pilotsuz uçuş aparatı Latviya hava məkanına daxil olub, onlardan biri Rezekne şəhərində yerləşən neft rezervuarına çırpılıb.

“Delfi”nin məlumatına görə, çən boş olduğundan yanğın baş verməyib.

Bununla belə, xilasedicilər ehtiyat tədbiri olaraq rezervuarın soyudulması işlərini həyata keçiriblər.

Hadisə ilə bağlı cinayət işi başladılıb.

Baş verən insidentdən sonra Latviyada parlamentin Milli Təhlükəsizlik Komissiyasının iclasının çağırılacağı bildirilib. İclasda ölkənin hava məkanının təhlükəsizliyi və pilotsuz aparatların daxil olması məsələsi müzakirə olunacaq.

Eyni zamanda, sosial şəbəkələrdə dronun uçuşunu və zədələnmiş neft çənlərini əks etdirən foto və videolar yayılıb. (APA)

Poliqon.info

 
 

Seçilən
0
3
poliqon.info

4Mənbələr