AZ

“Xruşşovka”ların dövrü bitir? Ekspertdən bazarla bağlı kritik proqnoz

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Son illərdə “Xruşşovka” tipli köhnə binaların qiymətində artım müşahidə olunur. Bunun əsas səbəbləri arasında söküntü və kompensasiya gözləntiləri, eləcə də yeni tikililərin baha olması göstərilir. Bu amillər köhnə mənzillərə tələbatı artıraraq bazar qiymətlərinə təsir edir. 

Yaxın illərdə “Xruşşovka” tipli binaların qiymət artımı davam edəcək, yoxsa bazar tədricən yeni tikililərin xeyrinə dəyişəcək?

Mövzu ilə bağlı "AzPolitika"yaaçıqlamasında daşınmaz əmlak bazarı üzrə analitik mütəxəssis İlkin Alıyev deyib ki, yaxın illərdə “Xruşşovka” tipli binalarda qiymət artımı tam dayanmayacaq, amma əvvəlki kimi güclü və geniş yayılmış artım da gözlənilmir.

Onun sözlərinə görə, qısa müddətdə bəzi zonalarda söküntü xəbərləri və kompensasiya gözləntiləri səbəbindən qiymətlər hələ də yüksək qala bilər: "Xüsusilə mərkəzə yaxın ərazilərdə köhnə fonda maraq tam itməyəcək. Lakin orta və uzun müddətli baxdıqda bazarın istiqaməti tədricən yeni tikililərin xeyrinə dəyişir. Bunun əsas səbəbi yeni tikililərin daha rahat olması, ipoteka ilə daha əlçatan olması və ümumi yaşayış standartlarının yüksək olmasıdır. Alıcılar getdikcə daha çox funksionallıq və rahatlıq axtarır.

Eyni zamanda, köhnə binalarda fiziki aşınma artır, təmir xərcləri yüksəlir və bu da onların cazibəsini azaldır. Söküntü prosesi isə bütün binaları əhatə etmir, yalnız seçilmiş zonalarda baş verir. Bu səbəbdən “hamısı kompensasiya ilə yenilənəcək” gözləntisi real deyil".

Ekspert qeyd edib ki, bu dövrdə qiymətlər həm real tələb, həm də informasiya təsiri ilə formalaşır. Qısa müddətdə stabillik və ya ərazi üzrə artımlar mümkün olsa da, ümumi trend struktur olaraq yeni tikililərin üstünlüyünə doğru gedir: "Ona görə də bu seqmentdə qərarlar emosional deyil, yerləşmə və risk analizi əsasında verilməlidir. Nəticə olaraq, yaxın illərdə “Xruşşovka” bazarında artım tam bitməyəcək, amma bu artım selektiv və zəifləyən xarakter daşıyacaq. Ümumi bazar tendensiyası isə tədricən yeni tikililərin üstünlüyünə doğru dəyişəcək. Yəni uzunmüddətli istiqamət köhnə fondun deyil, yeni tikililərin xeyrinədir".

Oğuz Ayvaz

AzPolitikaş info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
azpolitika.info

1Mənbələr