AZ

Moskvadan qaranlıq baxış: Putin Rusiyaya nəzarətini itirir...

Keçmiş rusiyalı yüksəkvəzifəli məmur “The Economist”də dərc olunan məqaləsində Kreml rəhbərinin atdığı hər addımın hakimiyyət sisteminin zəifləməsini sürətləndirdiyini bildirib...

Poliqon xəbər verir ki, “The Economist” jurnalında dərc olunan və müəllifi açıqlanmayan məqalədə Rusiyada hakimiyyət sisteminin tədricən nəzarətdən çıxdığı iddia olunub. Nəşr yazının müəllifini keçmiş yüksəkvəzifəli Rusiya hökumət rəsmisi kimi təqdim edib. Məqalə “Moskvadan qaranlıq baxış” ifadəsi ilə müşayiət olunub ki, bu da müəllifin hələ də Rusiyada yaşadığı ehtimalını gücləndirib.

Məqalədə bildirilir ki, son aylarda Rusiyada “hamının hiss etdiyi bir duyğu” formalaşıb. Müəllifin fikrincə, Vladimir Putin ölkəni çıxılmaz vəziyyətə salıb və artıq hadisələrin bundan sonra necə inkişaf edəcəyini heç kim bilmir.

Keçmiş məmur qeyd edib ki, ilk diqqətçəkən dəyişiklik yüksək vəzifəli şəxslərin, regional rəhbərlərin və iri biznes nümayəndələrinin ritorikasında müşahidə olunub. Onlar hakimiyyətin fəaliyyəti barədə danışarkən artıq “biz” əvəzliyindən istifadə etmirlər. Müəllif vurğulayıb ki, gələcək artıq Putinin verəcəyi qərarlarla deyil, ondan asılı olmayaraq baş verəcək proses kimi müzakirə olunur.

Bununla belə, müəllif yaxın zamanda üsyan və ya hakimiyyət çevrilişi gözləmədiyini bildirib. Məqalədə vurğulanıb ki, avtoritar sistemlər qorxu, repressiya və ətalət hesabına uzun müddət mövcud ola bilir. Lakin Kreml artıq gələcəyi formalaşdırmaq üzərində tam nəzarəti itirib.

Məqalədə yaranmış vəziyyətin dörd əsas səbəbi göstərilib.

Birinci səbəb kimi Ukraynaya qarşı müharibənin getdikcə ağırlaşan iqtisadi və sosial nəticələri göstərilib. Müəllif bildirib ki, Kreml əvvəlcə əməliyyatın cəmiyyətin böyük hissəsinə təsir etməyəcəyini düşünürdü, lakin müharibənin uzanması bu planı dağıdıb.

İkinci amil kimi Rusiyaya geri qaytarılmış iri kapital sahiblərinin hüquqi təminat tələbi qeyd olunub. Müəllif yazıb ki, əvvəllər rusiyalı oliqarxlar aktivlərini Qərb məhkəmələri və beynəlxalq arbitraj vasitəsilə qoruyurdular. İndi isə ölkə daxilində son üç ildə təxminən 5 trilyon rubl dəyərində aktiv müsadirə olunub və bu, 1990-cı illərdən bəri ən böyük mülkiyyət bölgüsü hesab edilir. Məqalədə vurğulanıb ki, hətta rejimə loyal olan biznes dairələri belə artıq qaydalar və işlək institutlar tələb edir.

Üçüncü faktor kimi dəyişən geosiyasi mühit göstərilib. Müəllifin fikrincə, Rusiya özünü qlobal nizamı dəyişdirən güc kimi təqdim etsə də, əslində yalnız prosesləri sürətləndirən katalizator rolunu oynayıb. Ukrayna müharibəsinin Qərb demokratiyasında böhranı, populizmin yüksəlişini və qloballaşma yorğunluğunu sürətləndirdiyi qeyd olunub. Eyni zamanda vurğulanıb ki, Avropa artıq qazı başqa mənbələrdən alır, BMT Təhlükəsizlik Şurasında Rusiyanın təsir imkanları zəifləyib, nüvə təhdidləri isə Moskvanın beynəlxalq arbitraj statusunu sarsıdıb.

Məqalədə Rusiyanın həm də kimlik böhranı yaşadığı bildirilib. Müəllif yazıb ki, ölkə tarixən özünü Avropa və Qərblə müqayisə üzərindən müəyyənləşdirirdi, lakin indi Qərbin özünün böhran içində olması bu modeli dağıdıb.

Dördüncü səbəb kimi isə əvvəlki ictimai müqavilənin dağılması göstərilib. Məqalədə qeyd olunub ki, keçmişdə hakimiyyət əhalinin siyasətə qarışmaması müqabilində rifah, xidmətlər və istehlak imkanları təqdim edirdi. İndi isə sistemin təklif edə bildiyi əsas vasitələr repressiya, senzura və nəzarətdir. İnternet məhdudiyyətləri bunun ən açıq nümunəsi kimi göstərilib.

Müəllif vəziyyəti şahmatdakı “tsuqtsvanq” anlayışı ilə müqayisə edib. Onun sözlərinə görə, Kreml hansı addımı atırsa, mövqeyi daha da pisləşir. Məqalədə vurğulanıb ki, Putin hakimiyyətdə qaldığı müddətdə sistem mövcudluğunu davam etdirə bilər, lakin onun hakimiyyəti qorumaq üçün atdığı hər addım bu sistemin tənəzzülünü sürətləndirir.

Sonda müəllif bildirib ki, Kreml yeni müharibələr və daha sərt addımlarla prosesi dayandırmağa çalışsa da, bu yalnız vəziyyəti daha təhlükəli və qanlı edə bilər.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr