ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Bir neçə erməni müxalif mediasının və teleqram kanalının eyni anda Ermənistanın yeni Konstitusiyası mövzusunu gündəmə gətirməsi maraqlı mənzərə yaradıb.
KONKRET.az xəbər verir ki, müxalif dairələr hakim “Vətəndaş müqaviləsi” Partiyasının ölkənin yeni Konstitusiyası üzərində işləmədiyini iddia edirlər.
Məsələn, “Hraparak” nəşri narazılıqla yazır ki, müvafiq komissiyanın iclasları artıq bir aydır keçirilmir.
Və dərhal “gözlənilməz” nəticə çıxarılır:
“Onlar seçkiləri gözləyirlər!”
Əlbəttə, gözləyirlər. Tək onlar yox, hamı seçkiləri gözləyir. Çünki Paşinyan qalib gəlsə, Konstitusiya üzərində işi davam etdirməyin siyasi mənası olacaq. Yox, əgər uduzsa və hakimiyyətə revanşistlər gəlsə, Paşinyan ümumiyyətlə niyə yeni Konstitusiya üzərində işləməlidir?
Yəni müxalifət burada elə bir “sensasiya” tapıb ki, guya seçkiyə bir ay qalmış hakimiyyət ölkənin əsas qanununu gecə-gündüz yazmalı, sonra da hakimiyyətə gələcək mümkün rəqiblərinə hazır sənəd qoyub getməlidir.
Məntiq sadədir: Paşinyan işləsə — “niyə işləyir?”, işləməsə — “niyə işləmir?” Əsas odur ki, narazılıq üçün mövzu tapılsın.
Görünür, Ermənistanda seçkilər yaxınlaşdıqca müxalifətin qəzəblənmək üçün real mövzuları azalır. Ona görə də indi Konstitusiya komissiyasının bir ay iclas keçirməməsi belə böyük siyasi faciə kimi təqdim olunur.
Halbuki məsələ çox sadədir: əvvəlcə seçki nəticələri bəlli olmalıdır. Ondan sonra kimin hansı Konstitusiyanı yazacağı da aydınlaşacaq.
Amma revanşistlər üçün bu izah çox sadədir. Onlara mütləq dram lazımdır. Yoxsa seçki kampaniyasında necə hay-küy salsınlar?
Rəsmiyyə Şərifova,
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.