AZ

Ölkədə genişmiqyaslı əməliyyat

Daxili İşlər Nazirliyi ölkə üzrə keçirilən son əməliyyatların nəticələrini açıqlayıb.

Musavat.com
xəbər verir ki, mayın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həm ağır cinayətlərin üstü açılıb, həm də külli miqdarda narkotik vasitə və silah-sursat dövriyyədən çıxarılıb. Rəsmi məlumata görə, bir gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin, əvvəlki dövrlərdən bağlı qalan daha 6 cinayətin açılması təmin olunub. Axtarışda olan şəxslərlə bağlı keçirilən tədbirlər nəticəsində ümumilikdə 125 nəfər saxlanılıb. Onlardan 97-si borclu şəxs qismində axtarışda olan şəxslər olub.

DİN bildirir ki, narkotiklərlə əlaqəli 29 fakt aşkarlanıb, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı dələduzluğa görə axtarışda olan 11 nəfər də yaxalanaraq istintaqa təhvil verilib.

Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışa verilən 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Nazirliyin yaydığı digər məlumat isə narkotik dövriyyəsinin miqyasını göstərir. Belə ki, mayın 6-da keçirilən əməliyyat tədbirləri ilə ümumi çəkisi 36 kiloqram 200 qramdan artıq narkotik vasitə və 6958 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Silah-sursatla bağlı əməliyyatlar da diqqət çəkir. Polis əməkdaşları paytaxt və respublikanın müxtəlif rayonlarında 4 avtomat silahı, 5 tüfəng, 10 patron darağı və 1131 ədəd müxtəlif çaplı patron aşkarlayıb.

DİN-dən bildirilib ki, qanunsuz narkotik dövriyyəsi və odlu silahların saxlanılmasına qarşı əməliyyat-profilaktik tədbirlər davam etdirilir. Bu arada, İsmayıllı rayonu sakini, 43 yaşlı Aqşin Behbudovun itkin düşdüyü də açıqlanıb. Bildirilir ki, o, yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb. Şəxsin boyunun 185 sm olduğu, şabalıdı saçlı və arıq bədən quruluşlu olduğu qeyd edilir. Onu görən və ya barəsində məlumatı olan şəxslərdən DİN-in “102” xidmətinə və ya İsmayıllı Rayon Polis Şöbəsi-nə məlumat vermələri xahiş olunur. Digər bir əməliyyat zamanı isə Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb. Ondan 6 kiloqram 765 qram həşiş və marixuana götürüldüyü bildirilir. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
21
3
musavat.com

4Mənbələr