Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronun ölkəsi üçün nə etdiyinin mayın 28-də keçiriləcək paradda görünəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Paşinyan bu barədə mayın 7-də jurnalistlərlə söhbətində danışıb.
“Mayın 28-də Fransa Prezidenti Emmanuel Makronun Ermənistan üçün nə etdiyini görəcəksiniz”, – deyə Ermənistan Baş naziri bildirib.
O, bununla bağlı əlavə izah vermək istəməyib.
“Niyə danışmalıyam? Göstərəcəyəm”, – deyə Paşinyan qeyd edib.
Baş nazir sual verən jurnalistin həmin gün Ermənistanda olacağına və hərbi paradı işıqlandıra biləcəyinə ümid etdiyini deyib.
“Əgər tədbirdə iştirak edə bilməsəniz, televizoru açıb Makronun nə etdiyini görə bilərsiniz”, – deyə o əlavə edib.
Qeyd edək ki, Paşinyan daha əvvəl mayın 28-də Respublika Günü münasibətilə İrəvanın Respublika meydanında hərbi parad keçiriləcəyini açıqlamışdı.
Xatırladaq ki, Emmanuel Makron mayın 3-5-də Ermənistanda dövlət səfərində olub və seçkiqabağı dövrdə bir daha hazırkı Ermənistan hakimiyyətinə açıq dəstək ifadə edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az