AZ

Deputatdan diqqətçəkən açıqlama: “Sülhə qədər hüquqi mübarizə davam etməlidir”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İddialara görə, Azərbaycanın Ermənistana qarşı böyük məbləğdə kompensasiya tələbi irəli sürməsi müzakirə olunsa da, bu məlumatlar daha çox informasiya müharibəsinin elementi kimi görünür. Beynəlxalq Ədalət Məhkəməsi kimi qurumlar ərazi deyil, əsasən hüquqi və maliyyə mexanizmləri ilə bağlı qərarlar verir. Regionda sabitliyin qorunması həm Azərbaycan, həm də Ermənistan üçün daha real və strateji prioritet olaraq qalır.Bu iddialar real hüquqi prosesdir, yoxsa siyasi manipulyasiya?

Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan illər ərzində irqi ayrı-seçkilik zəminində soyqırımlarına məruz qalıb. Azərbaycan Zəfər əldə etdikdən sonra bütün bu məsələləri Beynəlxalq Ədalət Məhkəməsinə daşıdı. Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar olaraq Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərarlar da qəbul edib. Bir daha üzə çıxıb ki, Azərbaycanın bir milyondan artıq insanı sistemli şəkildə etnik təmizləməyə məruz qalıb və bu istiqamətdə Ermənistan məsuliyyətə cəlb edilməlidir.

Deputat vurğulayıb ki, Azərbaycanın səyləri nəticəsiz qalmayıb: “Keçən dövr ərzində biz bu istiqamətdə kifayət qədər böyük uğurlar əldə etdik. Habelə, Ermənistanın mina təhdidi nəticəsində faciəvi şəkildə həyatını itirən insanlarımız olub. Təbii ki, Azərbaycan qaldığı yerdən sülh prosesini davam etdirməkdə israrlıdır, qərarlıdır və beynəlxalq hüququn heç bir pozuntusuna yol vermədiyini bütün addımlarında sübuta yetirmiş tərəfdir. Azərbaycan bir neçə platformada Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı müraciətlər edir. Çünki Ermənistan ətraf mühitin və enerji infrastrukturunun dağıdılması ilə əlaqədar olaraq da dağıdıcı fəaliyyətlər göstərib və beynəlxalq səviyyədə tanınmış ərazilərimizdə insan hüquqlarının çoxsaylı pozuntularına səbəb olub. Ermənistan elə addımlar ata bilər ki, kompensasiya məsələsini əvəz edə bilsin. Bu məsələdə çox şey qarşı tərəfin addımlarından asılıdır”.

Azər Badamov hesab edir ki, sülh müqaviləsi imzalanana qədər Azərbaycanın Ermənistana qarşı böyük məbləğdə kompensasiya tələbi irəli sürməsi və yaxud da beynəlxalq məhkəmələrdə iddia qaldırması son dərəcə düzgün yanaşmadır.

“Heç bir halda biz qətiyyətli yolumuzdan geri addım atmamalıyıq. Sülh müqaviləsi imzalanana qədər, habelə regionda sülh dayanıqlı hala gələnə qədər Azərbaycan qarşı tərəfin əlinin güclənməsinə icazə verməməlidir. Bu istiqamətdə həm məhkəmələrdə iddialarımızı irəli sürməli, həm də informasiya cəbhəsində kifayət qədər ciddi addımlar atmalıyıq. Bir sözlə, sadəcə siyasi və iqtisadi baxımdan deyil, yaxud da yalnız diplomatiya masasında deyil, informasiya cəbhəsində də Azərbaycan güclü olmalıdır.

Beynəlxalq Ədalət Məhkəməsi kimi qurumlar hüquqi və maliyyə mexanizmləri ilə bağlı qərarlar versə də, qeyd etdiyim kimi, biz Ermənistan üzərində təzyiqi azaltmamalıyıq. Hər nə qədər Ermənistanın yumşaq ritorikası olsa da, birmənalı qaydada bu iddialardan əl çəkməyimiz düzgün olmaz. Ən azından nəticə tam əldə olunmayıb. Biz elə nəticə əldə etməliyik ki, tarix və yaşadıqlarımız bizə dərs olsun. Təbii ki, sülh müqaviləsi imzalanana qədər Ermənistanın özünü necə aparmasından, hansı istiqamətdə addımlar atmasından çox şey asılıdır. Hüquqi proses və hüquqi müstəvidə iddialarımız davam etməli, habelə siyasi baxımdan da güclü olmalıyıq. Azərbaycan tərəfindən heç bir siyasi manipulyasiya yoxdur. Qaldırdığımız iddialar real hüquqi iddialardır və Ermənistan üzərində irəli sürdüyümüz haqlı tələblərdir. Bu haqlı tələblərin də məhkəmələr tərəfindən təmin olunmasında qətiyyətliyik. Sülh müqaviləsinə qədər proseslərin necə istiqamətlənməsindən asılı olaraq Azərbaycan həmin platformalarda da prosesi nəzarətdə saxlayacaq. Sabitliyin qorunması, əldə edilən nəticələrin daha da irəli aparılması vacibdir. Dayanıqlı sülhə hər tərəf sadiq olmalıdır”, – deyə Azər Badamov bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
bizimyol.info

1Mənbələr