Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bildiyimiz kimi, illər öncə evlilik daha sadə və rahat bir mərhələ hesab olunurdu. İnsanlar bir-birlərini tanıyır, ailə münasibətləri daha yaxın və sadə yollarla qurulurdu. Ancaq zaman keçdikcə bu dəyişdi, insanlar daha çox seçim imkanına sahib oldu və sosial, iqtisadi, emosional faktorlar səbəbindən evlilik prosesi bir qədər mürəkkəbləşdi.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Fazil Mustafa bildirdi ki, fərqi göstərmək özü də bir qədər çətindir:
"Çünki əvvəl nəysə yaxşı idi, bu gün pisdir deyə bir ab-hava yaratmaq doğru deyil. Amma bütövlükdə, hər dövrün öz çətinlikləri var. Məsələn, ev problemi bəlkə əvvəllər daha aktual idi; indi ev əldə etmək imkanları daha rahatdır, amma yenə də ipoteka və digər məsələlərdə problemlər qalmaqdadır".
Onun sözlərinə görə, bütövlükdə, bu məsələlər mürəkkəb bir situasiyadan xəbər verir:
"İnsanlarda sosial gərginlik var. Gələcəyi ilə bağlı ailə həyatını təmin edə bilməmək qorxusu mövcuddur. Artıq uşaqların yaşayışını təmin edə bilməmək narahatlığı da var və bunlar daha təhlükəli sindromlardır. Maddi tərəf əvvəlki illərdə evlənən insanlar üçün heç də hər zaman ideal deyildi, amma bu gün bu narahatlıqlar daha çox insanların psixoloji vəziyyətinə təsir edir".
Millət vəkili əlavə etdi ki, hazırda boşanma və ailəyə uyğun şəxsi tapmaq problemi də mövcuddur:
"Bu, Azərbaycan cəmiyyətində xeyli yayılıb. Xüsusilə qadınların müxtəlif estetik və digər vərdişləri, qızların oğlanlarda narkomaniya təhlükəsi ilə üzləşməsi kimi məsələlər bir-birinə qarışır. Ona görə də insanlar çox çətin şərtlər altında seçim etmək məcburiyyətində qalırlar. Bu seçimlər bəzən uğurlu olsa da, müəyyən hallarda uğursuzluqla nəticələnir və qısa müddətdə boşanmalar baş verir. Buna görə də şərtlər çoxşaxəlidir; birini həll edib digərini saxlayaraq məsələnin düzələcəyinə ümid etmək olmaz".
Xədicə BAXIŞLI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.