“Yaşadığımız dövrdə sənayeləşmə, urbanizasiya və texnologiyanın sürətli inkişafı fonunda ətraf mühitin mühafizəsi bəşəriyyət üçün ən prioritet məsələlərdən birinə çevrilib”.
Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, havanın çirklənməsi, meşələrin qırılması, su ehtiyatlarının azalması, iqlim dəyişiklikləri və elektron tullantıların artması ekoloji tarazlığı pozur:
“Bu gün ekoloji tarazlığın qorunması yalnız dövlətlərin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Problem var və onun həlli vacibdir. Gələcək nəsillərə dayanıqlı inkişafı olan sağlam bir planet miras qoymaq istəyiriksə ətraf mühit məsələləri ön planda olmalıdır. Yaşıllaşdırma kampaniyalarının genişləndirilməsi, məişət tullantıların düzgün idarə olunması, effektli su idarəetməsinin təşviqi, alternativ enerji resurslarının tədqiqi prioritet məsələlər kimi qarşıda durur”.
Ekspert qeyd edib ki, təbiətə vurulan zərərin sonda yenidən insanın özünə qayıtdığını yüzillərin təcrübəsi göstərir:
“Çirklənmiş ətraf mühit, hava, torpaq örtüyü xəstəliklərin artmasına, su qıtlığı sosial problemlərə, iqlim dəyişiklikləri isə təbii fəlakətlərin çoxalmasına səbəb olur. Buna görə də ətraf mühitin qorunması, gələcək nəsillərin sağlam və təhlükəsiz həyatı üçün vacib şərtlərdən biridir.
Son illərdə köhnəlmiş elektron avadanlıqların və batareyaların sayının sürətlə artması ətraf mühit və əhalinin sağlamlığı üçün yeni risklər yaradır. Hər il dünyada milyonlarla insan köhnəlmiş smartfonlarını, kompüterlərini, planşetlərini, televizorlarını və digər elektron cihazlarını yeniləri ilə əvəz edir. İstifadədən çıxarılmış avadanlıqlar isə məişət tullantılar poliqonuna atılır”.
Mütəxəssis diqqətə çatdırıb ki, istifadədən çıxmış bu elektron avadanlıqlar standartlara uyğun şəkildə utilizasiya edilməlidir:
“Lakin buna əməl edilmədiyi üçün ciddi ekoloji problemlər yaranır. Xüsusən kənd yerlərində vəziyyət dözülməzdir. Köhnəlmiş elektron tullantıların hara gəldi atılması ətraf mühitə, insan sağlamlığına və ümumilikdə ekosistemə böyük təhlükə yaradır. Məlumdur ki, batareyaların tərkibində qurğuşun, civə, kadmium, litium və arsen kimi zərərli kimyəvi maddələr var. Bu maddələr tullantı şəklində torpağa düşdükdə tədricən parçalanaraq zəhərli maddələri ətraf mühitə yayır.
Nəticədə, torpağın münbitliyi azalır, bitki örtüyü, bütövlükdə ekosistem zədələnir, kənd təsərrüfatı məhsullarının keyfiyyəti aşağı düşür. Zəhərli maddələr torpaq vasitəsilə qida zəncirinə daxil olur, bu da insan sağlamlığı üçün ciddi risklər doğurur”.
Elman Cəfərli vurğulayıb ki, sözügedən tullantıların yaratdığı əsas problemlərdən biri də su mənbələrinin kirlənməsidir:
“Həmin maddələr yağış suları vasitəsilə yeraltı sulara, çaylara və göllərə qarışır. Bu isə içməli su ehtiyatlarını ağır metalarla çirkləndirir. Suda yaşayan canlılar bu maddələrin mənfi təsirindən məhv olur, nəticədə bioloji tarazlıq pozulur. Bu ağır metallardan özəlliklə litium-ion batareyaların düzgün utilizasiya edilməməsi torpaq örtüyünün, su hövzələrinin uzunmüddətli çirklənməsinə gətirib çıxara bilər”.
Ekoloq söyləyib ki, elektron tullantılar yandırılaraq məhv edilməsi də doğru yol deyil:
“Bəzən problemdən çıxış yolu kimi bu tullantıların yandırılması həyata keçirilir. Lakin bu, olduqca zərərlidir. Yandırılma zamanı atmosferə dioksin, furan kimi zəhərli qazlar atılır. Bu maddələr havanı çirkləndirir, eyni zamanda insanlarda tənəffüs yolları xəstəlikləri, allergiyalar yaradır. Habelə sinir sistemi xəstəliklərinə səbəb olur, hətta bəzi hallarda xərçəng yaradır.
Elektron tullantılar iqtisadi problemlərə də səbəb olur. Smartfonların tərkibində qızıl, gümüş, mis və palladium kimi qiymətli metallar var. Bu resursların təkrar emal olunmadan zibilliyə atılması həm də böyük maddi itkiyə səbəb olur”.
Elmir Mustafa
