Bakı, 7 may, AZƏRTAC
Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur.
Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır. Belə ki, mayın 8-də bəzi rayonlarda, mayın 9-10-da isə əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı, mayın 8-də bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.