AZ

“Heydər Əliyev və dövlətçilik fəlsəfəsi”

Mayın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı tərəfindən  “Şəhərsalma və Memarlıq ili”  çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və dövlətçilik fəlsəfəsi”  mövzusunda tədbir keçirilib.

Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

YAP Kürdəmir rayon təşkilatının qərargahında keçirilən tədbirdə xalqımızın  Ümummilli Lideri  Heydər Əliyevin və Azərbaycanın  ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir  dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən  “Heydər        Əliyev-Vətənə xalqa həsr edilən ömür”  adlı  videoçarx nümayiş olunub.

Tədbirdə YAP Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov məruzə edərək bildirib   ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır. Dövlətinin, xalqının gələcəyini düşünən, daim ölkəsini zirvələrdə görmək istəyən Ümummilli Liderə  milyonların sevgisi şəksizdir. Əbəs yerə deyilmir ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev zəngin idarəçilik təcrübəsindən bəhrələnərək ölkəmizi parçalanmaqdan xilas etdi, yeni Azərbaycan qurdu. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür.   O illərdə “Olum, ya ölüm!” dilemması qarşısında qalan Azərbaycanı bu gün qalib ölkə kimi görürüksə, bu, böyük səylərin, qətiyyətin, dövlətini, xalqını sevən və onun gələcəyə barədə düşünən Liderin yaratdığı möhkəm təməlin, düzgün müəyyənləşdirdiyi yolun nəticəsidir.

Son 22  ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları, yeniliyi özündə ehtiva edən addımları ilə Azərbaycanı Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ilin  sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi Heydər Əliyev siyasətinin təntənəsidir.

Tədbirdə çıxış edən Filologiya üzrə fəlsəfə doktoru Yaqut Əşrəfova bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarı kimi tarixdə mühüm yer tutur. Onun dövlətçilik fəlsəfəsi milli maraqlara, xalqın rifahına, müstəqilliyin qorunmasına və güclü dövlət quruculuğuna əsaslanırdı. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Heydər Əliyevin dövlətçilik ideyaları xüsusilə aktuallıq kəsb edir. Çünki müasir şəhərlərin qurulması, infrastrukturun inkişafı və milli memarlıq ənənələrinin qorunması da məhz güclü dövlət siyasətinin nəticəsidir.   Ümummilli Lider ölkənin memarlıq və şəhərsalma sahəsinin inkişafına da xüsusi diqqət ayırırdı. Bakı şəhərinin müasir görünüş qazanması, yeni yaşayış komplekslərinin və inzibati binaların tikilməsi, tarixi abidələrin qorunması istiqamətində mühüm addımlar atılmışdır. Onun siyasəti nəticəsində Azərbaycan həm qədim memarlıq irsini qorumuş, həm də müasir şəhərsalma sahəsində inkişaf etmişdir.

Tədbirdə çıxış edən  Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, hüquqşünas  Əlisəfa Azayev bildirdi ki, bu mövzu yalnız siyasi baxımdan deyil, həm də hüquqi, mənəvi və milli inkişaf aspektindən olduqca böyük əhəmiyyət daşıyır. Heydər Əliyevin dövlətçilik fəlsəfəsi hər şeydən əvvəl müstəqil dövlətin qorunmasına, qanunun aliliyinə və xalqın rifahına xidmət edən siyasi düşüncə sistemidir. O, Azərbaycan dövlətçiliyini yalnız idarəçilik modeli kimi deyil, milli iradənin, tarixi yaddaşın və xalqın gələcəyinin təminatı kimi qiymətləndirirdi. Məhz buna görə də onun fəaliyyəti nəticəsində Azərbaycan çətin sınaqlardan çıxaraq güclü və sabit dövlətə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, insan hüquq və azadlıqlarının qorunması, demokratik idarəetmə prinsiplərinin formalaşdırılması dövlətçilik fəlsəfəsinin əsas sütunlarından olmuşdur.

Bu gün İlham Əliyev tərəfindən həmin siyasət uğurla davam etdirilir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri Heydər Əliyev ideyalarının real təcəssümüdür. Qarabağ və Şərqi Zəngəzurda qurulan müasir şəhərlər, “ağıllı kənd” layihələri Azərbaycanın gələcəyə hesablanmış dövlətçilik strategiyasının göstəricisidir.

Partiyanın veteran üzvü olan Qasım Hüseynov çıxışında qeyd etdi ki, Mən Yeni Azərbaycan Partiyasının veteran üzvü kimi böyük fəxr hissi ilə deyə bilərəm ki, Heydər Əliyev yalnız müstəqil Azərbaycan dövlətinin xilaskarı deyil, həm də milli dövlətçilik məktəbinin banisidir. Onun siyasi fəaliyyəti xalqına sonsuz məhəbbət, dövlətinə sədaqət və gələcəyə hesablanmış müdrik strategiya üzərində qurulmuşdur. 1990-cı illərin ağır və mürəkkəb dövründə Azərbaycan parçalanmaqdan və məhv olmaq təhlükəsindən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dahi Heydər Əliyev ölkədə sabitliyi təmin etdi, dövlətçiliyin əsaslarını möhkəmləndirdi və Azərbaycanı inkişaf yoluna çıxardı. Onun uzaqgörən siyasəti nəticəsində hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesi başladı. Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

Seçilən
0
2
sabahinfo.az

3Mənbələr