AZ

Füzulidə təhsilin dirçəlişi: Mirzə Uluqbəy adına məktəbdə uğurlu gələcəyin təməli qoyulur FOTO

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Füzuli, 7 may, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi strategiyasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. Dövlət başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində Qarabağ və Şərqi Zəngəzurda ən müasir standartlara cavab verən təhsil infrastrukturu formalaşdırılır. Bu çərçivədə qısa müddət ərzində inşa edilən yeni məktəb binaları həm bölgənin intellektual potensialının bərpasına, həm də “Böyük Qayıdış” proqramının dayanıqlı inkişafına xidmət edir.

Müasir təhsil mühitinin uğurla qurulduğu belə ünvanlardan biri də Füzuli şəhəridir. Burada tədrisin təşkili üçün hərtərəfli şərait yaradılıb ki, bu da doğma yurda qayıdan ailələrin övladlarının keyfiyyətli təhsil almasına, müəllimlərin isə peşəkar fəaliyyətlərini ən yüksək səviyyədə davam etdirməsinə geniş imkanlar açır. Bu baxımdan, özbək xalqı tərəfindən hədiyyə edilən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəb bölgədə təhsilin dirçəlişinin və xalqlararası dostluğun bariz nümunəsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəb fəaliyyətə 100 şagird və 14 nəfərlik müəllim heyəti ilə başlasa da, hazırda burada 650-yə yaxın şagird təhsil alır, heyətin sayı isə 50-yə yaxındır. Ötən illər ərzində həm müəllimlər, həm də şagirdlər bir çox uğurlara imza atıblar. Məktəbin məzunları hazırda müxtəlif ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər. Bu tədris ilindən etibarən məktəbdə tam orta təhsil səviyyəsi üzrə təmayülləşmə tətbiq olunur. Bununla yanaşı, rəqəmsal bacarıqların inkişafı və “STEAM” layihəsi də icra edilir. Həmçinin təhsil ocağında məktəbəqədər təhsil də təşkil olunub. Məktəbdə çalışan pedaqoji heyətin əksəriyyəti Füzuli şəhər sakinləridir.

Səmayə Həsənovanın şagird ikən tərk etdiyi Füzuliyə qayıdışı müəllim kimi gerçəkləşib. Uzun illərin həsrətinə son qoyulduğunu bildirən müəllim deyib: “Məcburi köçkünlük həyatı sürdüyümüz 30 il ərzində bir gün belə ümidimi itirmədim. Həmişə arzulayırdım ki, öz yurdumda övladlarımıza dərs deyim. İndi mən doğma Füzulidəyəm və bu qüruru yaşayıram. Burada şagirdlərimin gələcəyini inşa etmək mənim üçün ən böyük xoşbəxtlikdir”.

Müəllim bildirib ki, Füzuliyə köçün ilk mərhələsində sinifdə cəmi 19 şagird olsa da, hazırda bu rəqəm artaraq 32-yə çatıb. S.Həsənovanın sözlərinə görə, bu, bölgədə mülki həyatın tədricən və sağlam şəkildə bərpa olunduğunun bariz göstəricisidir: “Doğma torpaqlarda yaşamaq, burada çalışmaq və təhsil prosesində iştirak etmək mənim üçün böyük xoşbəxtlikdir. Füzuli şəhərində bu gün genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. Quruculuq işləri geniş vüsət alıb. Ətrafa baxanda torpaqlarımızın cənnətə çevrildiyini görmək mümkündür. Bu, bizim üçün sonsuz sevinc və qürur mənbəyidir”.

O vurğulayıb ki, hər gün dərsə gələndə şagirdlərin üzündə gördüyü sevinc və vətənpərvərlik hissi onu daha da qürurlandırır və pedaqoji fəaliyyətində yeni uğurlara həvəsləndirir.

Könül Ağayeva isə hələ iki yaşında olarkən ailəsi ilə birlikdə Füzulidən məcburi köçkün düşmüşdü. Təhsilini başqa rayonda alsa da, gələcəkdə Füzuli şəhərində müəllim olmağı arzulayıb. "Təhsilimi Azərbaycanın başqa bölgəsində davam etdirmişəm. Uşaqlıq vaxtı valideynlərimizdən, nənə-babalarımızdan Füzuli şəhəri, doğma el-obamız haqqında çox gözəl xatirələr eşidərək böyümüşük. Onların danışdıqları bizdə böyük maraq oyadırdı. Füzulini görmək, bu torpağın havasını udmaq arzusu ilə yaşamışıq. Bu arzu ilə illərlə gözləmişik, ümid etmişik ki, bir gün mütləq doğma yurdumuza qayıdacağıq”, - deyən Könül Ağayeva da məktəbdə müəllim işləyir.

Həmsöhbətimiz vurğulayıb ki, 2020-ci ildə qazanılan tarixi Zəfər sayəsində 30 illik həsrətə son qoyulub: “Prezident İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı sayəsində doğma torpaqlarımıza qayıtmışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu gün Füzuli şəhərində — Zəfər ruhu ilə yaşayan bu məkanda xoşbəxt və firavan ömür sürürük”.

Hazırda şəhər məktəbində fəaliyyətini davam etdirən K.Ağayeva tədris prosesindən danışaraq deyib: “Böyük qürur hissi keçirirəm ki, bu məktəbdə fəaliyyətə başlayan ilk müəllimlərdən biriyəm. İlk vaxtlar şagirdlərimizin sayı az olsa da, zaman keçdikcə bu say artmağa başladı. Hazırda bütün siniflərimizdə şagirdlər təhsil alır və biz onların təlim-tərbiyəsi ilə məşğuluq. Doğma Füzuli şəhərində yaşamaq, burada işləmək və bu torpaqları yenidən görmək bizim üçün ən böyük xoşbəxtlik, sonsuz qürur və sevinc mənbəyidir”.

Məktəbin şagirdləri də öz ata-baba yurdlarında təhsillərini davam etdirdiyi üçün qürurlu olduğunu söyləyirlər. Doqquzuncu sinif şagirdi Sənubər Musatafazadə ilə söhbət edirik. Deyir ki, əvvəllər başqa rayonda təhsil alsa da, artıq iki ildir Füzuli torpağında, ata-baba yurdunda oxuyur. “Burada təhsil almaq məndə xoş hisslər oyadır. Ata-baba torpaqlarımızda oxumaq mənim üçün qürur mənbəyidir. Bu məktəbdə oxuduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Məktəbimizin təhsil səviyyəsi olduqca yüksəkdir, müəllimlərimiz bizə böyük diqqət və qayğı ilə yanaşırlar. Təhsil almaq, yeni biliklər qazanmaq mənə çox gözəl hisslər bəxş edir”, - deyə o əlavə edib.

Ömər Baxşıyev də Füzuli şəhər məktəbinin şagirdidir. O, gələcəkdə hüquqşunas olmaq istəyir. Bildirir ki, bir vaxtlar Füzuli haqqında dərsliklərdən öyrənər, valideynlərindən eşirdərdi. İndi isə özü Füzulidədir: “Mən də bu torpaqlar haqqında xəyallar qürurdum. Artıq arzularım gerçək olub, Füzulidə təhsil alıram. Bu, mənim üçün çox gözəl oldu. Şəraitimiz də çox yaxşıdır. Gələcəkdə rayonumuzda hakim kimi işləmək istəyirəm, ona görə də, hüquq ixtisası üzrə hazırlaşıram..

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən məktəb 960 şagird yerlikdir. İki mərtəbə və zirzəmidən ibarət olan məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
azertag.az

1Mənbələr