Yaxın müddətdə "Ağdaş" yarımstansiyasında Batareya Enerji Saxlanc Mərkəzinin (BESM) istismara verilməsi planlaşdırılır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
O xatırladıb ki, 500 kV-luq "Abşeron" və 220 kV-luq "Ağdaş" yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb:
"AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzi bu ilin mart ayında istismara verildi. Yaxın zamanlarda Ağdaşda da Batareya Enerji Saxlanc Mərkəzinin istismara verilməsi planlaşdırılır", - C. Abdullayev vurğulayıb.
Qeyd edək ki, layihə çərçivəsində "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.