AZ

İlon Mask texnologiya şirkətini "SpaceX"ə transfer etdirir

ABŞ-li milyarder və sahibkar İlon Mask "Grok" çatbotunu yaradan "xAI Corp." texnologiya şirkətinin "SpaceX"in süni intellekt strukturuna inteqrasiya olunacağını bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə iş adamı özünün "X" hesabında paylaşım edib.

"xAI"nin müstəqil şirkət kimi fəaliyyətinə son qoyulacaq, bunun əvəzində sadəcə "SpaceX"in süni intellekt həllərini təqdim edən "SpaceXAI" mövcud olacaq", - deyə o bildirib.

Həftənin çərşənbə günü "Anthropic" ilə rəqəmsal hesablama sahəsində tərəfdaşlıq barədə məlumat verilərkən "xAI" artıq rəsmi olaraq "SpaceXAI" adından çıxış edib.

"Hazırda "SpaceXAI" qlobal miqyasda süni intellekt üçün nəzərdə tutulmuş ən nəhəng və sürətli superkompüterlərdən sayılan "Colossus 1"ə ("xAI"nin istehsalı olan superkompüter - red.) giriş imkanı yaratmaq məqsədilə "Anthropic" şirkəti ilə razılaşma əldə edib", - deyə rəsmi açıqlamada vurğulanır.

Qeyd edək ki, İlon Mask daha öncə Birləşmiş Ştatlar hökuməti ilə yaranmış ziddiyyətlərə görə "Anthropic"i mütəmadi olaraq tənqid atəşinə tuturdu. Hətta mart ayında "Anthropic", "xAI"nin "Claude" böyük dil modelinə girişinə məhdudiyyət qoymuşdu.

Xatırladaq ki, 2010-cu illərin ortalarında İlon Mask "OpenAI" layihəsinə 1 milyard dollara yaxın sərmayə yatırmağı hədəfləsə də, təhlükəsizlik yanaşmalarındakı fikir ayrılıqları səbəbindən 2018-ci ildə idarə heyətini tərk etmişdi. Sahibkar 2023-cü ilin martında "xAI" startapını təsis edərək inkişaf etdirməyə başladı. Cari ilin fevralında isə Mask "SpaceX" və "xAI Holdings"in birləşdirilməsi barədə qərarını ictimaiyyətə açıqlamışdı.

Seçilən
29
1
moderator.az

2Mənbələr