ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı il aprelin 25-də Qəbələ şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən təkbətək və geniş tərkibli görüş regionun siyasi gündəmində mühüm hadisələrdən biri kimi qiymətləndirilir.
Görüşdən cəmi on bir gün sonra, mayın 6-da Zelenskinin cənab Prezident İlham Əliyevə telefon zəngi etməsi göstərdi ki, Bakı–Kiyev xəttində formalaşan dialoq təsadüfi deyil, strateji məzmun daşıyır.
Bugünkü beynəlxalq münasibətlər sistemində Ukrayna üçün Cənubi Qafqaz artıq yalnız coğrafi məkan deyil. Bu region enerji təhlükəsizliyi, logistika, siyasi tərəfdaşlıq, diplomatik balans və postmüharibə əməkdaşlığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də Zelenskinin Bakıya və ümumilikdə Qafqaza marağı son dövrlər daha açıq şəkildə görünməyə başlayıb.
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son illər Azərbaycan yalnız Cənubi Qafqazın deyil, Avrasiya məkanının əsas siyasi aktorlarından birinə çevrilib. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıq ölkənin beynəlxalq çəkisini əhəmiyyətli dərəcədə artırıb. Bu gün Bakı həm enerji təhlükəsizliyi, həm nəqliyyat dəhlizləri, həm də regional vasitəçilik baxımından mühüm mərkəz statusundadır.
Zelenskinin Qəbələyə səfəri və Prezident İlham Əliyevlə görüşü də məhz bu reallığın qəbulunun göstəricisi idi. Görüş zamanı enerji sahəsində əməkdaşlıq, kənd təsərrüfatı, humanitar məsələlər və hökumətlərarası əlaqələrin inkişafı müzakirə olunub.
Əslində Ukraynanın Azərbaycana marağı bir neçə əsas istiqamətdə özünü göstərir: enerji təhlükəsizliyi, alternativ nəqliyyat marşrutları, humanitar və iqtisadi əməkdaşlıq, diplomatik və siyasi dəstək, eləcə də postmüharibə bərpa təcrübəsinin öyrənilməsi.
Zelenski Bakıdan nə istəyir?
Politoloq deyir ki, bu suala emosional deyil, geosiyasi reallıqlar prizmasından yanaşmaq lazımdır.
Birincisi, Ukrayna hazırkı mürəkkəb mərhələdə enerji təhlükəsizliyi baxımından yeni tərəfdaşlar axtarır. Azərbaycanın Avropanın enerji təminatında artan rolu Kiyev üçün də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qazı artıq Avropa üçün strateji resursa çevrilib və Ukrayna da bu sistemdə müəyyən formada iştirak etmək niyyətini gizlətmir.
İkincisi, Zelenski Bakı ilə nəqliyyat-logistika əməkdaşlığını gücləndirmək istəyir. Orta Dəhliz layihəsi artıq yalnız regional deyil, qlobal iqtisadi layihə kimi qəbul olunur. Çin–Mərkəzi
Asiya–Xəzər–Azərbaycan–Türkiyə–Avropa xətti Ukrayna üçün də alternativ iqtisadi nəfəs yolu hesab edilir.
Üçüncüsü, Kiyev Azərbaycanın balanslı xarici siyasətinə xüsusi önəm verir. Bakı həm Qərb, həm Türk dünyası, həm də region dövlətləri ilə eyni vaxtda münasibət qura bilən nadir paytaxtlardan biridir. Ukrayna belə bir siyasi aktorla münasibətləri genişləndirməklə diplomatik imkanlarını artırmaq istəyir.
Politoloqun fikrincə, Volodimir Zelenskinin son illərdə beynəlxalq səfərlərinin coğrafiyası göstərir ki, Ukrayna rəhbərliyi yalnız Avropa və NATO məkanı ilə kifayətlənmir. Kiyev artıq Qara dəniz hövzəsi və Cənubi Qafqazı da öz strateji təhlükəsizlik zəncirinin tərkib hissəsi kimi görür.
Bu baxımdan Azərbaycan xüsusi yer tutur. Çünki Azərbaycan regionun ən güclü iqtisadiyyatına malikdir, Türk Dövlətləri Təşkilatında aparıcı rol oynayır və enerji resursları ilə Avropa üçün alternativ platforma yaradır. Müharibədən çıxmış və ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi də xüsusi təcrübəyə sahibdir.
“Ukrayna üçün Azərbaycanın təcrübəsi xüsusi maraq doğurur. Kiyev postmünaqişə bərpa modeli, məcburi köçkün siyasəti və azad edilmiş ərazilərin reinteqrasiyası kimi məsələlərdə Bakının təcrübəsini öyrənməyə çalışır. Qəbələ görüşündə diqqət çəkən məqamlardan biri də humanitar məsələlər idi. Ukrayna tərəfi Azərbaycanın ukraynalı uşaqlara göstərdiyi diqqəti yüksək qiymətləndirib və onların Azərbaycana reabilitasiya və mədəni proqramlar çərçivəsində səfərinin nəzərdə tutulduğu bildirilib,” – deyə politoloq qeyd edib.
O vurğulayıb ki, Azərbaycan müharibə dövründə Ukraynaya humanitar yardım göstərən ölkələr sırasında olub və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə seçilib. Zelenskinin dəfələrlə Prezident İlham Əliyevə təşəkkür etməsi də bunun göstəricisidir.
Azərbaycanın Ukrayna məsələsində mövqeyi balanslı siyasətə əsaslanır: beynəlxalq hüququn prinsiplərinin qorunması, dövlətlərin ərazi bütövlüyünə dəstək və regionda gərginliyin artmamasına çalışmaq.
“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan milli maraqlarını qoruyaraq Qərb, Rusiya, Türkiyə və digər aktorlarla paralel münasibətlər qurmağı bacarır. Bu siyasi çeviklik Bakını etibarlı tərəfdaşa çevirir,” – deyə Nicat İsmayılov bildirib.
Onun fikrincə, Zelenskinin Bakıya xüsusi diqqət göstərməsinin əsas səbəblərindən biri də budur: Ukrayna anlayır ki, Azərbaycan emosional deyil, rasional və maraq əsaslı siyasət aparan dövlətdir.
Bugünkü Cənubi Qafqaz artıq əvvəlki region deyil. Azərbaycan təşəbbüs yaradan əsas aktora çevrilib və regionun enerji, nəqliyyat və siyasi gündəliyi Bakısız formalaşmır.
Bu baxımdan Qəbələdə keçirilən Əliyev–Zelenski görüşü sadəcə diplomatik protokol deyil, yeni geosiyasi mərhələnin göstəricisidir. Mayın 6-da baş tutan telefon danışığı isə bu dialoqun davamlılığını təsdiqləyir.
Ukrayna Prezidenti Volodimir Zelenski Qafqazdan sabitlik, siyasi dəstək, iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq gözləyir. Bakı isə bu münasibətlərdə milli maraqlarını əsas götürərək regionun əsas siyasi mərkəzi kimi mövqeyini daha da gücləndirir.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.