ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 7 may, AZƏRTAC
Azərbaycanın bank sektoru böyük ölçüdə dollardan asılıdır, dollar-manat məzənnəsi isə artıq təxminən 11 ildir sabit saxlanılır. Bu məzənnə bazarın tam sərbəst şəkildə formalaşdırdığı üzən məzənnə deyil, daha çox inzibati üsullarla idarə olunan modeldir.
Maliyyə bazarları üzrə ekspert Azər Balamedov AZƏRTAC-a açıqlamasında bildirib ki, vaxtilə üzən məzənnəyə keçid cəhdləri olsa da, bu tam uğurlu alınmadı.
“Bunun əsas səbəblərindən biri Azərbaycanda real fond bazarının və investisiya bankçılığının zəif inkişaf etməsidir. Kağız üzərində fond bazarı mövcud olsa da, praktikada bu sahə demək olar ki, aktiv deyil. Müstəqillik dövründə ölkədə ciddi investisiya bankçılığı sistemi formalaşmayıb və bir çox maliyyə prosesləri inzibati yollarla idarə olunur. Bu isə müəyyən mənada bank sektorunun sabitliyini təmin edən amillərdən biridir. Beynəlxalq maliyyə bazarlarında risklər həmişə olub və gələcəkdə də olacaq. Xüsusilə 2008-ci ildən sonra qlobal iqtisadi və siyasi risklərin davamlı xarakter aldığı görünür. Yaxın perspektivdə, xüsusilə 2036-cı ilə qədər dünyada hərbi-siyasi gərginliklərin və regional münaqişələrin artacağı gözlənilir. Buna baxmayaraq, hazırkı mərhələdə Azərbaycanın bank sektoruna xaricdən ciddi neqativ təsir gözlənilmir. Bunun əsas səbəbi neft qiymətlərinin yüksək səviyyədə qalmasıdır. Hazırda neftin qiyməti təxminən 90–110 dollar diapazonunda dəyişir və bu, ölkəyə valyuta axınını təmin edir”, - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, neft gəlirləri yüksək olduğu müddətdə dövlət büdcəsi və bank sistemi ciddi təzyiq hiss etmir: “Eyni zamanda, bu gəlirlər dollar-manat məzənnəsinin sabit saxlanılmasına imkan yaradır. Məzənnənin sabit qalması isə bank sektorunun ümumi sabitliyini qoruyan əsas faktorlardan biridir”.
Ekspert qeyd edib ki, bu şəraitdə bank sektorunda yaxın dövrdə ciddi problem gözlənilmir.
“Əksinə, kredit siyasətində müəyyən yumşalmalar və irəliləyişlər ola bilər. Banklar daha geniş müştəri kütləsi cəlb etmək üçün kredit faizlərini azaltmağa çalışa bilərlər. Hazırda bu proses çətin getsə də, bazarda rəqabət artdıqca faiz endirimləri qaçılmaz görünür. Hazırda əsas rəqabət 5–6 iri bank arasında gedir. Banklar müştəri uğrunda mübarizə aparır və bu rəqabət kredit siyasətinə birbaşa təsir göstərir. Xarici faktorların hazırda bank sektoruna ciddi neqativ təsiri yoxdur. Çünki neft qiymətləri yüksəkdir və Mərkəzi Bankın siyasəti də dollar-manat məzənnəsinin qorunmasına yönəlib. Bununla yanaşı, daxili bazardakı vəziyyət müəyyən risklər yaradır. Əhalinin maddi rifahında neqativ tendensiyalar müşahidə olunur. Son 11 ildə dollar-manat məzənnəsi sabit qalsa da, ölkədə qiymət artımı və inflyasiya yüksək olub. Bu isə əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir edir. Nəticədə problemli kreditlərin sayı artır və bu vəziyyət bank sektorunun sabitliyinə, həmçinin kredit siyasətinə mənfi təsir göstərə bilər. Ümumilikdə isə bank sektorunun sabitliyinə və kredit siyasətinə əsas təsir edən faktorlar xarici iqtisadi şərtlərdir. Hazırda həmin faktorlar neqativ deyil. Neft qiymətləri yüksək səviyyədə qalır, dollar-manat məzənnəsi sabit saxlanılır. Əgər daxili bazarda iqtisadi aktivlik və əhalinin gəlirləri artsa, bu da bank sektorunun sabitliyinə və kredit siyasətinə müsbət təsir göstərə bilər”, - deyə Azər Balamedov vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.