Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ölkədə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr və cərimə balı sistemi sürücülər arasında narazılıqla qarşılanır. Sürücülər bildirirlər ki, bir sıra hallarda xırda qayda pozuntularına görə də cərimə balının tətbiq edilməsi 20 bal limitinin qısa müddətdə dolmasına səbəb olur və bu da sürücülük vəsiqəsinin itirilməsi riskini artırır. Xüsusilə də son zamanlar AYNA tərəfindən Bakıda dayanma-durma qaydalarına görə, avtobus zolağına daxil olub çıxan bir çox sürücüyə pul cəriməsi və cərimə balı yazılır ki, bu da avtomobil sahibləri arasında narahatlığı artırıb.
Bəs tətbiq olunan cərimə sistemi, yəni həm pul cəriməsi, həm də cərimə balının yazılması nə dərəcədə ədalətlidir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, cərimə sistemi Azərbaycanda ümumilikdə ədalətlidir:
"Yəni bunu tamamilə ədalətsiz adlandırmaq doğru olmaz. Tənbeh üsulu olaraq cərimə tətbiq edilir, bu da “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə əsaslanır. Müəyyən qayda pozuntularında isə cərimə ilə yanaşı cərimə balı da tətbiq olunur. Sadəcə bəzi qayda pozuntuları var ki, məsələn, dayanma-durma qaydalarının pozulmasına görə cərimə balının yazılması, düşünürəm ki, olmasa da olar. Əsas kobud qayda pozuntularında, işıqforun qırmızı işığında bilərəkdən keçmək, sürət həddini aşmaq, spirtli içki qəbul edib avtomobil idarə etmək kimi hallarda cərimə ballarının tətbiqi daha məqsədəuyğun olar. Bir məsələ də var ki, cərimə balı sistemi ümumilikdə tamamilə ləğv edilə bilməz. Bu, çəkindirici vasitələrdən biridir. Amma qeyd etdiyim kimi, yüngül qayda pozuntularında cərimə balı tətbiq olunmasa, daha yaxşı olar".
Müsahibimizin sözlərinə görə, burada digər vacib məsələ cərimələrin yazılması ilə bağlıdır:
"Yəni əsassız cərimələr məsələsi mövcuddur. Bəzən sürücülər şikayət edir ki, avtobus zolağına qaydalar çərçivəsində, qırıq xətdən daxil olublar, eyni qaydada da zolağı tərk ediblər, amma buna baxmayaraq onlara 100 manat cərimə və əlavə iki cərimə balı tətbiq olunub. Belə hallarda sürücünün şikayətinə operativ qaydada baxılmalıdır. Əgər sürücü “Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsinə uyğun davranıbsa, ona tətbiq edilən cərimə ləğv olunmalıdır. Bu halda problemlərin və sürücülərin narazılığının artmasının qarşısı alınar. Qaydalar çərçivəsində avtobus zolağına daxil olub oranı tərk edən sürücülərin cərimələnməsi, düşünürəm ki, əsassızdır. Təbii ki, bütün sürücülərin qaydalara əməl etdiyini deyə bilmərik. Bilərəkdən qayda pozan sürücülər də var. Amma qanunu bilən və qanun çərçivəsində davranan sürücülər cərimələnməməlidir. Çünki belə hallar əks-təsir yarada bilər. Bu, həm yol hərəkəti sisteminə, həm də ictimai etimada ciddi zərbə vurar. Halbuki yol hərəkəti sistemi ilk növbədə etimada əsaslanır".
NURİYYƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.