Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərdə növbəti dəfə ciddi gərginlik yaşanır. Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığı dayandırması, Avronest Parlament Assambleyasındakı fəaliyyətə xitam verilməsi barədə qərarı həm ölkə daxilində, həm də xaricdə geniş rezonans doğurub. Rəsmi Bakı bu addımı Avropa Parlamentinin uzun illərdir Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli və selektiv yanaşmanın məntiqi nəticəsi kimi əsaslandırır.
Əslində bu qərar qəfil verilməyib. Son illər Avropa Parlamenti ardıcıl şəkildə Azərbaycan əleyhinə qətnamələr qəbul edib. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra qəbul olunan sənədlərdə Ermənistanın işğal siyasəti, mina terroru, viran qoyulmuş şəhərlər və yüz minlərlə azərbaycanlının pozulmuş hüquqları arxa plana keçirilib. Bunun əvəzində isə Azərbaycana qarşı siyasi təzyiq ritorikası daha da sərtləşdirilib.
Müxtəlif illərdə qəbul edilən qətnamələrdə Azərbaycana qarşı sanksiya çağırışları səsləndirilib, enerji əməkdaşlığının “insan hüquqları” məsələləri ilə şərtləndirilməsi tələb olunub, hətta bəzi hallarda Qarabağdakı separatçı erməni dairələrinə açıq siyasi dəstək nümayiş etdirilib. 2024-cü ildə qəbul edilən sənədlərdə isə Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqi çağırışları da yer aldı.
Rəsmi Bakı hesab edir ki, Avropa Parlamenti artıq neytral siyasi platforma deyil, erməni lobbisinin və anti-Azərbaycan dairələrinin təsiri altına düşmüş siyasi alətə çevrilib. Məhz buna görə Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul etdi. Bu qərara əsasən, Azərbaycan nümayəndə heyəti Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində fəaliyyətini dayandırır, eyni zamanda Avronest Parlament Assambleyasından çıxış proseduru başladılır.
Lakin prosesdə diqqət çəkən əsas məqamlardan biri daxildə bəzi radikal müxalifət nümayəndələrinin mövqeyi oldu. Özlərini “demokratiya müdafiəçisi” kimi təqdim edən şəxslər faktiki olaraq Avropa Parlamentinin anti-Azərbaycan qətnamələrini müdafiə edən açıqlamalar verməyə başladılar.

AXCP funksioneri Fuad Qəhrəmanlı iddia edir ki, guya Azərbaycan hakimiyyəti “demokratik dəyərlərə hörmət tələb edən” qurumdan uzaqlaşır. Milli Şuranın sədri Cəmil Həsənli isə Avropa Parlamentinin insan hüquqları məsələlərini gündəmə gətirdiyini əsas gətirərək Bakı ilə Brüssel arasındakı gərginliyə haqq qazandırmağa çalışır.

Xaricdə yaşayan bloger Əfqan Muxtarlı və politoloq Arif Yunus da oxşar ritorika sərgiləyərək Azərbaycanın qərarını “Rusiyanın maraqlarına xidmət edən addım” kimi təqdim etməyə cəhd göstərirlər.

Burada əsas sual ortaya çıxır: niyə həmin şəxslər Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sənədlərdəki açıq ermənipərəst məqamları görməzdən gəlirlər?

Çünki həmin qətnamələrdə təkcə “insan hüquqları” məsələləri yoxdur. Bu sənədlərdə Azərbaycanın daxili işlərinə müdaxilə elementləri, Qarabağ məsələsi ilə bağlı birtərəfli yanaşmalar və erməni tərəfinin maraqlarına uyğun müddəalar da yer alır. Regionda sülh prosesinin olduqca həssas mərhələyə daxil olduğu, Ermənistanda revanşist dairələrin fəallaşdığı bir dövrdə Avropa Parlamentinin erməni hərbi cinayətkarlarının “əsir” adı altında azad olunmasını tələb etməsi Bakıda haqlı narazılıq yaradıb.
Radikal müxalifətin bu qətnamələri “obyektiv qiymətləndirmə” kimi təqdim etməsi isə cəmiyyətdə ciddi suallar doğurur. Çünki burada artıq söhbət adi siyasi polemikadan yox, dövlətin milli maraqlarından gedir. Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi reallıq formalaşıb və Azərbaycan ilk dəfə olaraq öz suverenliyini tam şəkildə təmin edib. Belə bir həssas mərhələdə xarici təzyiq mərkəzlərinin ritorikasını daxildə təkrarlamaq istər-istəməz “5-ci kolon” müzakirələrini yenidən gündəmə gətirir.
Avropa Parlamentinin Azərbaycana münasibətində ikili standartlar açıq görünür. Ermənistanın 30 illik işğal siyasəti dövründə eyni sərtlik nümayiş etdirilmədi. İşğal altındakı ərazilərdə dağıdılmış şəhərlərlə bağlı prinsipial qətnamələr qəbul olunmadı, Xocalı soyqırımı ilə bağlı ciddi siyasi mövqe sərgilənmədi. Lakin Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ardıcıl şəkildə təzyiq kampaniyaları başladı.
Bu fonda Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması rəsmi Bakının siyasi mesajı kimi qiymətləndirilir. Mesaj isə kifayət qədər aydındır: Azərbaycan artıq birtərəfli ittihamları, selektiv yanaşmaları və siyasi təzyiq cəhdlərini əvvəlki kimi qəbul etmək niyyətində deyil.
Daxildə baş verənlər isə bir daha göstərdi ki, bəzi radikal dairələr üçün dövlət maraqları deyil, siyasi qarşıdurma prioritet olaraq qalır. Regionda mürəkkəb geosiyasi proseslərin yaşandığı bir vaxtda bu cür mövqelər cəmiyyət daxilində ciddi narahatlıq yaradan amillərdən biri kimi qiymətləndirilir.
Son hadisələr təsdiq edir ki, Azərbaycan dövlətinə qarşı yönəlmiş beynəlxalq kampaniyalarla daxildəki radikal dairələrin ritorikası arasında ciddi paralellər mövcuddur. Bu isə təsdiqləyir ki, müəyyən qüvvələr üçün əsas prioritet dövlətin maraqları deyil, şəxsi siyasi ambisiyalar və xarici dairələrin dəstəyidir. Azərbaycanın isə belə həssas mərhələdə ən çox ehtiyac duyduğu məsələ milli birlik, dövlətçilik mövqeyi və xarici təzyiqlərə qarşı vahid cəbhənin qorunmasıdır.
Musavat.com