İstirahət vəziyyətində ürək döyüntüsünün həm həddindən aşağı, həm də həddindən yüksək olması insult riskinin artması ilə əlaqələndirilir. Bu nəticəyə London İmperial Kollecinin alimləri gəlib.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "European Stroke Organisation Conference 2026" konfransında təqdim olunub.
Tədqiqata UK Biobank bazasından 460 min nəfərin sağlamlıq məlumatları daxil edilib və onlar orta hesabla 14 il ərzində izlənilib. Bu müddətdə 12 mindən çox insult halı qeydə alınıb.
Nəticələr göstərib ki, ən aşağı risk istirahət nəbzi dəqiqədə 60–69 döyüntü aralığında olan insanlarda müşahidə edilib.
Nəbzin bu diapazondan kənara çıxması riskin artması ilə əlaqələndirilib. Dəqiqədə 50-dən aşağı nəbzi olanlarda insult riski təxminən 25 faiz, 90-dan yuxarı nəbzi olanlarda isə 45 faiz daha yüksək olub. Bu əlaqə hipertoniyası, diabeti və qulaqcıq fibrilasiyası olanlar da daxil olmaqla bir sıra faktorlar nəzərə alındıqdan sonra da saxlanılıb.
Alimlərin sözlərinə görə, əlavə analiz göstərib ki, bu əlaqə xüsusilə qulaqcıq fibrilasiyası olmayan insanlarda daha güclüdür. Bu qrupda nəbz dəyəri müstəqil risk göstəricisi kimi çıxış edə bilər.
Tədqiqatçılar izah edir ki, aşağı nəbz zamanı ürək döyüntüləri arasındakı fasilə uzandığı üçün beyinə qan axını azala bilər. Bu isə adətən damarların trombla tıxanması nəticəsində yaranan işemik insult riskini artırır.
Yüksək nəbz isə həm işemik, həm də hemorragik insultla əlaqələndirilir və damar divarlarına düşən yükün artmasının göstəricisi ola bilər.
Bununla belə, alimlər qeyd edir ki, bu əlaqənin səbəb-nəticə mexanizmini tam təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.
Samir