AZ

Hazır DİSSERTASİYA satılır: Sosial şəbəkələrdə ŞOK elan -FOTO

Bir vaxtlar “əlaltından”, gizli şəkildə hansısa vəzifəli şəxslər üçün yazılan diplom və dissertasiya işləri ilə bağlı pıçıltı ilə danışılırdı. İndi isə dissertasiya işləri açıq şəkildə satışa çıxarılır. Səhv duymadınız, sosial şəbəkələrdə “1 günə dissertasiya işi”, “plagiatsız elmi iş”, “praktik hissə daxil” kimi elanlar geniş yayılıb. Musavat.com xəbər verir ki, xüsusilə “Facebook” və digər platformalarda rast gəlinən bu reklamlar təəccüb doğurur. Halbuki dissertasiya işi sadəcə diplom almaq və ya elmi ad qazanmaq üçün formal sənəd deyil, illərlə aparılan araşdırmanın, zəhmətin və elmi düşüncənin nəticəsi hesab olunur.

Saxta yolla dissertasiya işinin hazırlanması həm akademik etikaya, həm də elm prinsiplərinə ziddir. Belə hallarda elmi dərəcə alan şəxsin bilik və bacarığı şübhə altına düşür, nəticədə cəmiyyətdə alim adına və elmi nüfuza inam azalır. Üstəlik, bəzi elanlarda “süni intellektsiz”, “plagiat yoxlamasından keçən” kimi ifadələrin işlədilməsi artıq bu sahədə qeyri-rəsmi “xidmət bazarı”nın formalaşdığını göstərir.

Tibb Universitetinin dosenti Fuad İslamzadə bununla bağlı etirazını belə ifadə edib: “Saxtakarlıq o qədər geniş vüsət alıb ki, artıq saxta yolla alim olmaq istəyənlərə 1 günə qondarma dissertasiya yazmaq vədi verilir. Elanı verənləri başa düşdük, bunlar pul xatirinə belə hiyləyə əl atırlar. Bəs görəsən saxta yolla yazdırdığı və heç bir elmi dəyərinin olmadığını bildiyi dissertasiyaya görə alim diplomu alan adam güzgüyə baxanda özünün kim olduğunu xatırlayıb utanmayacaq?”

İllərdir mütəxəssislər bununla bağlı qeyd edir ki, məsələ ilə bağlı nəzarət mexanizmləri gücləndirilməli, universitetlər və aidiyyəti qurumlar tərəfindən daha ciddi monitorinqlər aparılmalıdır. Eyni zamanda tələbə və tədqiqatçılar arasında akademik dürüstlük prinsiplərinin təbliği vacib sayılır. Çünki elm yalnız şəxsi zəhmət və araşdırma üzərində qurulduqda cəmiyyət üçün faydalı nəticələr verə bilər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb, cavablandırıldığı təqdirdə yayımlayacağıq.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
1
1
musavat.com

2Mənbələr