AZ

Heydər Əliyev ədəbiyyatın, mədəniyyətin hamisi idi

Heydər Əliyevin ədəbiyyatda obrazı hakimiyyətdə olduğu iki fərqli mərhələdə fərqli statuslarda dövriyyəyə gətirilir. Birinci mərhələdə Heydər Əliyev daha çox siyasi xadim olaraq quruculuq lideri, ədəbiyyatın, mədəniyyət və incəsənətin hamisi olaraq irəli çəkilir. Birinci dövrdə Heydər Əliyevin obrazı ondan daha çox xalqın itirilmiş intellekt və emosiya potensialının geri qayıdışında, ondakı milli müəyyənlik və özünüifadə imkanlarının bərpa olunmasında siyasi iradə nümayiş etdirən lider olaraq danışmağa imkan verir. 

1970-ci illərdə Moskva siyasi dairələrində kifayət qədər nüfuz sahibi olan Heydər Əliyev bundan xalqının milli kimliyinin və müəyyənliyinin  dərki üçün yararlandı. Bütün siyasi fəaliyyəti boyu əsas diqqətini xalqın tarixi şəxsiyyətlərinin yaradıcılığının poetik dövriyyəyə gətirilməsinə, yaddaş faktına çevrilməsinə, milli genofondun varlıq göstəriciləri olmaları işinə yönəltdi. N.Gəncəvinin, İ.Nəsiminin, M.P.Vaqifin, M.Ş.Vazehin, N.Nərimanovun heykəllərinin qoyulması, onların irsini dirçəltmək imkanları sovet epoxası daxilində ağlasığmaz əzmkarlıqdan irəli gəlirdi və siyasi lider olaraq Heydər Əliyevin bütün fəaliyyətinin prioritet istiqamətini təşkil edirdi. O dövrdə mədəniyyətin, elmin və ədəbiyyatın yenidən qurulması prosesi başlanmışdı. Əbəs deyil ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi 1990-cı illərdə ondan bəhs edilən məqamlar məhz Ümummilli Liderin hakimiyyət dövrünün birinci mərhələsindəki quruculuq proseslərinə dayaqlanırdı.

Hakimiyyətdə olduğu zaman kəsimlərində Heydər Əliyev Azərbaycanın mənəvi reallığı üçün böyük siyasətçi, dövlət adamı olaraq həm də ədəbiyyatlaşan obrazı ilə göz önünə gəlir. Bu obraz ədəbiyyat üçün konkret nəyi ifadə edir? İlk növbədə ədəbiyyata, poeziyaya sevgini. Onun çıxışlarında milli ədəbiyyatımızı gərəyincə bütöv duyub anlamaq səriştəsi vardı, prosesə yanaşma strategiyası düzgün idi,  bəhs etdiyi mövzularda problemlərin dərkini səmtləndirə bilirdi. Və ən əsası, Azərbaycan ədəbiyyatı haqqında öz anlayışı, müşahidəsi, elmi qənaətləri olan bir şəxsin prosesə konseptual yanaşmadan hasilə gələn məntiqi ehtiva olunurdu. Heydər Əliyev ədəbiyyatın keçdiyi inkişaf qanunauyğunluğunu bilərək onun  üzərində özünəxas konsepsiya qururdu. Bu çıxışlarda ədəbiyyatı həm tarixi inkişaf kontekstində, həm nəzəri prizmadan, həm də real nəticələrində dəyərləndirə, aparıcı ədəbi tendensiyalar işığına tuta bilirdi. Heydər Əliyev eyni zamanda ədəbiyyatda, poeziyada milli ahəng yaratmaqla bahəm ümumbəşəri dəyərləri bir müstəviyə gətirmək kimi siyasi prizmadan çıxış edirdi. Çünki bilirdi ki, dilindən, dinindən, irqindən, təmsil etdiyi ictimai qurumdan asılı olmayaraq, hamını bir yerə toplayan bir ünvan var: Ədəbiyyat!

Bu mənada 1980-ci ilin 27-31 oktyabrında "Ədəbiyyatların dostluğu - xalqların dostluğudur" adı ilə keçirilən yazıçıların Ümumittifaq konfransında Heydər Əliyevin bütün dünyanı Bakıya cəm etməsi, onu hamı üçün Vətənə - ədəbi-bədii fikir məbədinə çevirməsi daha bir ali niyyətin göstəricisi idi. İmamverdi Əbilovun "Dünənin… sabahın… çağdaş dahisi" kitabında oxuyuruq: "Məhz həmin konfransdakı nitqi ilə Heydər Əliyev etnos-millət-bəşəriyyət bağlılığının harmoniyasına yeni istiqamətdə aydınlıq gətirdi. O, sadəcə, nitq söyləmədi, Şərq-Azərbaycan mədəniyyətinin mədəni dünya üçün nadir sərvət olduğunu, mənəvi missiya daşıdığını qonaqlara məharətlə aşıladı. M.F.Axundzadənin "Şərq poeması"ndan, Səməd Vurğunun "Zamanın bayraqdarı" əsərindən parçalar söylədi - həm azərbaycanca, həm də rusca.  Vyaçeslav Sukaçev, Aleksandr Smerdov, Vasili Bıkov, Aqniya Barto, Zoya Kedrina, kubalı və hindistanlı qonaqlar salondakı təntənəli sükutdan, tükənməz alqışlardan heyrətə gəlmişdilər. Yanaşı əyləşdiyim hindistanlı yazıçı Prakaş Bharti çətin danışdığı rus dilində mənə qəribə sual verdi:

- Vaş rukovoditel poet ili prozaik?

Qonaq ölkə rəhbərinin yazıçı olduğuna tam inanmışdı, indi isə onun hansı janrda yazıb-yaratdığını bilmək istəyirdi.

Heydər Əliyevdən sonra çıxış edən SSRİ Yazıçılar İttifaqının sədri Georgi Markov, daha sonra Rəsul Həmzətov, David Kuqultinov Heydər Əliyevin düşüncə, ümumiləşdirmə və natiqlik mədəniyyətindən fövqəladə məhəbbətlə danışdılar".

Bu konfrans Azərbaycanın beynəlxalq aləmə çıxışında, dünyaya tanıdılmasında, onunla başqa dövlətlərin arasında çoxcəhətli elmi-ədəbi, mədəni əlaqələrin inkişafında böyük önəm daşıyırdı. Söhbət dünya ilə qurulan ünsiyyət və təmas körpüsündən, Bakını cari ədəbi-mənəvi məkana çevirmək amacının gerçəkləşməsindən gedirdi. Onun baş tutması, gerçəkləşməsi birbaşa Heydər Əliyevin ədəbiyyat sevgisinin gücü idi. Ədəbiyyata, poeziyaya bəslədiyi dərin münasibət, onu xalqın və dövlətin inkişafında əsas oriyentir hesab etməsi nəticə olaraq bu sahələrin də təşəkkülünə böyük stimul verirdi. Ədəbiyyatda  əbədiləşən etnik kodun və psixoloji arxetiplərin üzə çıxarılması, dəyərləndirilməsi davamını çağdaş əxlaqa, mənəviyyata xidmət edən sənətdə tapır, dövrün qələm sahiblərinə ruhsal-mənəvi enerji aşılayırdı. Ona görə Heydər Əliyev epoxasında yaşayıb-yaradan şair və yazıçılar birmənalı şəkildə böyük lideri ədəbiyyatın hamisi sayır, Heydər Əliyevin siyasətdən başqa bir də ədəbiyyatlaşan obrazını fakt olaraq etiraf edirdilər: "Respublikada elə ab-hava yarandı ki, sənətə sənət meyarlarıyla qiymət verilməyə başlandı və bizdən yaşlı nəsil artıq müəyyən dərəcədə özünü təsdiq edib qoruya bilirdisə, bizim nəslin - 1960-cı illər nəslinin də ədəbiyyata, kinoya, teatra, sənətimizin başqa sahələrinə gəlib öz sözünü demək imkanı yaranmışdı. Bu imkanı bizə Heydər Əliyev yaratmışdı və onun dəstəyini, yardımını başqa nəsildaşlarım kimi, mən də daim hiss eləmişəm". Bu sözləri Anar 18 may 1998-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi "Şəxsiyyətin miqyası" adlı məqaləsində, sonradan 2009-cu ildə çap etdirdiyi  "Unudulmaz görüşlər" kitabında yazır.

Elçinin 1995-ci ildə qələmə aldığı "Tarixlə üz-üzə dayanmış adam" məqaləsində oxuyuruq: "...Altmışıncı illərdə ədəbiyyata gəlmiş ədəbi nəslin bir qələm sahibi kimi formalaşması yetmişinci illərə təsadüf etdi və bütün bu illərdə Azərbaycan ədəbiyyatı və ümumiyyətlə, Azərbaycan mədəniyyəti ilə bilavasitə Heydər Əliyev arasında mənəvi və mən deyərdim ki, məhrəmanə bir körpü yarandı".

Şair Nəriman Həsənzadənin xatirələrində dönə-dönə vurğulanır: "Heydər Əliyevin adı bizim üçün ilk növbədə ədəbiyyata sevgini, qayğını ifadə edir. Onun ədəbiyyatdakı xidmətini saymaqla qurtaran deyil. Yazıçılar, şairlər onun həmişə diqqət mərkəzində, himayəsində idilər".

İsmayıl Şıxlının çıxışlarında Heydər Əliyevin ədəbiyyat sevgisinə heyrəti yer alır: "Heydər Əliyev yoldaşın bizə, Azərbaycan yazıçılarına, klassik irsimizə xüsusi qayğı ilə yanaşması, Nizami, Mirzə Şəfi irsinin öyrənilməsinə, Nəsimi, S.Vurğun kimi sənət ustalarımızın geniş yubileylərinin keçirilməsinə xüsusi əhəmiyyət verməsi bizi sevindirməyə bilməz".

Nəbi Xəzri poeziyanın üfüqlərini Heydər Əliyevin qayğı və himayəsində aradığını bəyan edir: "H.Əliyev yoldaşın sadəliyi və müdrikliyi, dözümü və səbri, valehedici yaddaşı, ürəklərdən keçənləri mahir bir sənətkar duyğusuyla oxumaq məharəti hamımızı qanadlandırır və ruhlandırır".

Heydər Əliyev bu qayğı və diqqətini elə sovet imperiyasının daxilində - ən yüksək postda əyləşərək, ən əzəmətli kürsüləri bölüşərək, ən mötəbər tribunalardan səslənərək gerçəkləşdirirdi. Bu ideologiyanın müdaxilə etdiyi, incə bir siyasətlə həyata keçirdiyi məsələlərin - xalqı öz soykökündən, milli müəyyənliyindən, inancından qoparılması kimi gerçəklərin mahiyyətinə enirdi. Və bir daha unutmayaq. Sovet qanunlarının hələ işlək olduğu, tüğyan etdiyi bir dönəmdən gedir söhbət.

1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başladı. Həmin mərhələ bilavasitə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Şərqin ən böyük dastanı olan "Kitabi-Dədə Qorqud" dastanının xalqa qaytarılmasında Heydər Əliyev böyük işlər gördü. Eləcə də böyük Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi ilə bağlı Heydər Əliyevin gerçəkləşdirdiyi işlər bu şairlərin irsinin yeni təfəkkür qatına, milli şüur və yaddaşa bədii-estetik çalar qatmasını izləməyə imkan verir. Yaxud 1982-ci il yanvarın 15-də Şuşada M.P.Vaqif məqbərəsinin açılışı Heydər Əliyev üçün əbədiləşən tarixi yaddaş baxımından əhəmiyyətli idi.

Heydər Əliyevin üzərinə düşən missiya çətin idi. O, fəaliyyətinə qırılmış xəttin, güdaza verilmiş dəyərlərin, itirilən meyarların bərpası kontekstində başladı.  Böyük liderin ədəbiyyatda gerçəkləşdirdiyi işlər, klassiklərə qayıdış, milli ədəbiyyata güvənc hissinin qabarıqlığı sistemin yaratdığı mif anlayışını yazıçı düşüncəsində heçə endirir, onun tənəzzülünü labüdləşdirirdi. İslahatlar ədəbi-mədəni həyatımızın bütün sferalarına sirayət etdikcə milli mənlik şüuru önə keçir, milli məfkurə işığı dalğalanmağa başlayırdı. Bu mənada 1990-cı illərin əvvəllərində insanların öz azadlığını qazanması üçün meydana axışması, haqqını geri almaq təşnəsi birmənalı təfsirə gəlmir, onun kökləri bir qədər dərinlərə işləyib mövcudluğunu iki onillik əvvəldə, Heydər Əliyev dühasının imkan verdiyi azad söz zamanında, sovet ədəbiyyatı daxilində yaranmağa cəsarət etmiş hürr duyğulu, millət problematikalı poeziya mətnlərində tapır. Bunu meydanda olan faktlar deyir: Nəriman Həsənzadə "Heydər Əliyevin şəxsində mən "Bütün Şərq bilsin" pyesinin qəhrəmanını, Nəriman Nərimanovun prototipini görürdüm" yazır, Qabil qeydlərinin birində "Ömür həbləri" romanında Heydər Əliyevin də obrazını düşündüyünü bildirir. Mövlud Süleymanlı "Dəyirman" povestinin 70-ci illərin sağlam, duru, doğma ab-havanın məhsulu kimi meydana çıxdığını və üstəlik əsərlə bağlı "Azərbaycanı bürüyən" hücumdan onu Heydər Əliyevin qoruduğunu dilə gətirir. "Yaxud "İdeal"ın müəllifi İsa Hüseynov onu yazanda Heydər Əliyevi düşündüyünü söyləyir. Bu məqam Bəxtiyar Vahabzadənin şair mövqeyində dönə-dönə səslənir, habelə Məmməd Arazın etirafında var, Xəlil Rza şeirinin odlu nəfəsi bu məqama toxunur... Bütöv bir epoxa Azərbaycan ədibləri bunu deyir, etiraf, mətn, ədəbiyyat və əbədiyyətə israr məqamlarında Ümummilli Liderin əzəmətli kimliyinə istinad edirlər. 

Bu məqamda bir məsələni də vurğulamağa ehtiyac var. Heydər Əliyev yalnız qorumurdu, yalnız himayə etmirdi, yalnız cəsarət aşılamırdı. O həm də sahib çıxmağı bacarırdı. Bu barədə əlbəttə, kifayət qədər təcrübə və bacarıq sahibi idi, amma onlarla bahəm (və daha əsas!) millətinə və xalqına can yanğısı vardı. Böyük şairimiz Məhəmməd Füzuli ilə bağlı Heydər Əliyevin qatlaşdığı çətinliklər və onun bu istiqamətdə əzmkar fəaliyyəti fikirlərimizə əyani sübutdur. 1977-1981-ci illərdə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəbrinin qorunması və məqbərəsinin tikilməsi ilə bağlı gördüyü çöxyönlü işlər yorulmaz, inadlı və əzmkar mübarizələri bu siyasi liderdən hər cür yüksək məzmunda danışmağa əsas verir.

Heydər Əliyev siyasətinin dissident ruhu 1982-ci ildə daha bir misilsiz hadisə ilə nəhayətsiz miqyas aldı. Böyük Azərbaycan şairi Hüseyn Cavidin nəşinin Sibir çöllərindən vətənə gətirilməsi haqda sərəncam verdi Heydər Əliyev. Bu hadisəni Heydər Əliyevin siyasi fəaliyyətinin şah əsəri saymaq olar. Axı söhbət 1937-ci ilin repressiya dalğasının güdaza verdiyi faciə qəhrəmanından gedirdi. 1982-ci il sovet dövrü hələ bitməmişdi, heç buna işarələr belə yox idi. Rəsmi sənədlər üzərində bəraətlər verilib, amma düşüncədə hələ də repressiya havası, qorxusu, ürpərtisi, həyəcanı davam edirdi. Heydər Əliyev bu addımı ilə gerçəyi qorxulardan önə çıxartdı, Cavidin nəşini vətənə qaytarmaqla  elə ilk növbədə qorxunun üzərindəki örtüyü götürüb atmağa müvəffəq oldu.

Cavidlə bağlı missiya bununla yekunlaşmır. Həmin vaxt  Heydər Əliyevin göstərişi ilə Naxçıvanda Hüseyn Cavidə məqbərə tikilməsi qərara alınır. Lakin 1982-ci ildə respublikadan gedəndən sonra bu yöndə heç bir iş görülmür. Liderin 1993-cü ildə ölkəyə rəhbər kimi qayıdışından sonra işlərə yenidən təkan verilir. Naxçıvanda Hüseyn Cavidin əzəmətli məqbərəsi tikilir. Hazırda məqbərədə Cavidlər ailəsi - Cavidin, həyat yoldaşı Mişkinazın, oğlu Ərtoğrulun və qızı Turan Cavidin  məzarları yan-yana uyuyur.

Heydər Əliyev milli ədəbiyyatımızın şərəfli tarixidir, faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidir. Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən şəkli... Və siyasətdə göründüyü qədər həm də ədəbiyyatın obrazıdır!

1980-ci illər... Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldı. Təbii ki, dissident siyasəti yürütdüyünə görə. Meydanda isə 1970-1980-ci illərin - Heydər Əliyev zamanının reallaşdırdığı gerçəklər sırası vardı. Ölkə və xalq adına görülən əməllərin özülünün qoyulduğu mərhələ vardı. Danılmaz həqiqətdir ki, 1970-1980-ci illər Azərbaycan ədəbiyyatı Heydər Əliyevin müəyyənləşdirdiyi əxlaqi-milli-mədəni aktın  ilhamçısı və icraçısıdır. Cari prosesin, yazılan əsərlərin, bütöv ədəbi hərəkatın ideya zəmini rolunda çıxış edən aparıcı simadır Heydər Əliyev. Sovet epoxası daxilində bütün ölkə miqyasında sosial-tarixi, ədəbi-estetik qanunauyğunluqlarla müasir ədəbiyyatın özünün bədii-fəlsəfi ənənəsi arasında əlaqə, körpü rolunu məhz Heydər Əliyev icra etdi. Ədəbiyyatın uzun illərin mənəvi təmassızlığından sonra yeni bir bədii-fəlsəfi zirvədən keçmişə, özünə qayıtma dövrü məhz Heydər Əliyevin sayəsində gerçəkləşdi. Hamının və hər kəsin vurğulayacağı bu gerçəyin üzərinə tarix yenidən qayıdacaqdı. Qayıtdı da. Bu dəfə əbədi! 

Elnarə AKİMOVA,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr