Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi cəmiyyəti talassemiya xəstəliyi barədə məlumatlandırmaq, erkən diaqnostikanın və profilaktikanın əhəmiyyətini diqqətə çatdırmaq, həmçinin bu xəstəlikdən əziyyət çəkən insanlara dəstək göstərməkdir.
Bu barədə jurnalistlərə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin Sədri Fuad Rəsul məlumat verib.
O bildirib ki, talassemiya irsi qan xəstəliyidir. Bu xəstəlik zamanı orqanizmdə hemoqlobinin yaranması pozulur və nəticədə qanazlığı meydana çıxır. Talassemiya əsasən valideynlərdən uşaqlara genetik yolla ötürülür. Xəstəliyin ağır formalarında uşaqlar mütəmadi qan köçürülməsinə ehtiyac duyurlar.
Mütəxəssislərin fikrincə, talassemiyanın qarşısını almağın ən təsirli yolu nikahdan əvvəl tibbi müayinələrin aparılması və genetik məsləhət xidmətlərindən istifadə olunmasıdır.
Fuad Rəsul talassemiyanın əsas əlamətlərini də açıqlayıb.
Halsızlıq və yorğunluq, dəri rənginin solğunlaşması, inkişaf geriliyi, nəfəs darlığı, immun sisteminin zəifləməsi talassemiyanın əlamətləridir.
Xəstəliyin ağır forması vaxtında müalicə olunmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi olaraq talassemiyaya qarşı mübarizə istiqamətində mühüm addımlar atılır. İl ərzində Mərkəz tərəfindən müxtəlif maarifləndirici tədbirlər, qanvermə aksiyaları keçirilir.
Sağlam cəmiyyətin formalaşması üçün gənclərin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Talassemiya daşıyıcısı olan şəxslərin vaxtında müəyyən edilməsi gələcək nəsillərin sağlamlığı baxımından vacibdir.
F.Rəsul həmçinin bildirib ki, Beynəlxalq Talassemiya Günü yalnız tibbi maarifləndirmə deyil, həm də həmrəylik günüdür. Bu gün cəmiyyət talassemiya xəstələrinə və onların ailələrinə mənəvi dəstək göstərir, onların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün diqqətin artırılmasına çağırış edir.
Sağlam gələcək naminə hər bir insan müayinələrə məsuliyyətlə yanaşmalı, talassemiya haqqında məlumatlı olmalı və maarifləndirmə işinə dəstək verməlidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta



