AZ

Stalinə məktubu onu xilas edə bildimi?

"Sosial Rifah və Tədqiqatlar" İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli sovet repressiyalarının Azərbaycan ziyalılarının taleyində yaratdığı faciələrdən, Hüseyn Musayevin həbsxana həyatından və onun Stalinə ünvanladığı məktubdan danışıb.

QHT.az həmin açıqlamanı təqdim edir:

"Azərbaycanın repressiya tarixini araşdırarkən daha bir fədakar ziyalının həbsxana hekayəsi diqqətimi cəlb etdi. Həyatını xalqın maariflənməsinə və təhsilinə həsr etmiş bir ziyalının qazamata salınması dövrün ən acı reallıqlarından idi.  

Həmin insan haqqında bəzi məqamlara qısaca nəzər salmaq istərdim. Musayev Hüseyn Məmməd oğlu rejimin repressiyası ilə üzləşən işıqlı insanlardan biridir. O, 1889-cu ildə anadan olub. Pedaqoji məktəbi bitirdikdən sonra müxtəlif təhsil ocaqlarında müəllim, maarif şöbəsinin müdiri, Xalq Maarif Komissarı, Naxçıvanda Xalq Komissarları Sovetinin sədri vəzifələrində çalışmışdır.  

1933-cü ildə Gəncədə fəaliyyət göstərən dörd kənd təsərrüfatı təmayüllü ali məktəbin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tərkibində birləşdirilməsinin təşəbbüskarlarından olmuşdur. Musayev Hüseyn 1932–1934-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinə rəhbərlik etmişdir. 1937-ci ilin əvvəlində Azərbaycan Pedaqoji İnstitutunun direktoru təyin olunmuş, həmin ilin sonlarında isə repressiyaya məruz qalmışdır. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə ona bəraət verilmişdir.  

Diqqətimi xüsusilə bu günahsız ziyalının Stalinə ünvanladığı məktub çəkdi. Həmin məktub rejimin mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur.  

Hüseyn Musayev 1939-cu il yanvarın 27-də Stalinə belə bir məktub yazmışdı:

Ümumxalq və partiya lideri böyük yoldaş Stalinə Azərbaycan SSR XDİK həbsxanasında həbsdə olan Musayev Hüseyn Məmməd oğlu tərəfindən  

Məktub  

“Böyük lider və bütün məzlumların ümidi! Sizə öz ərizəsi ilə xalq düşməni elan olunmuş və əksinqilabi fəaliyyətdə təqsirli bilinən, Azərbaycan SSR-də Əksinqilabi Təşkilatın mövcudluğu barədə nəşrlərdən öyrənən və bu təşkilatda heç vaxt üzv olmayan, 28 illik pedaqoji təcrübəsi olan, keçmiş xalq müəllimi və keçmiş partiyaçı müraciət edir.  

Haqqında danışacağım dözülməz repressiyanın təsiri ilə mən günahı boynuma almalı və özümə böhtan atmalı oldum. Mənə qarşı repressiya 1937-ci il noyabrın 15-dən 16-na keçən gecə həbs olunmağımla başladı. Məni dərhal daxili həbsxananın zirzəmisində yerləşən, təbii işıqlandırması və havası olmayan 44 saylı kameraya saldılar, sonra isə zirzəminin digər kamerasına keçirdilər. Orada 1938-ci il dekabrın 23-nə qədər, yəni düz 13 ay 8 gün qaldım. Bu müddət ərzində görmə və eşitmə qabiliyyətimi itirdim, revmatizmə, əsəb sisteminin pozulmasına və digər həbsxana xəstəliklərinə düçar oldum, orqanizmim tamamilə tükəndi.  

İkinci repressiya isə ondan ibarət idi ki, 40 gün ərzində — 1937-ci il noyabrın 15-dən dekabrın 25-nə qədər — heç kəs məni çağırmamış, heç bir sorğu aparılmamış və hətta mənə ittihamın səbəbi bildirilməmişdi. Bununla da həbs haqqında qanun pozulmuşdu. Aktiv istintaq dekabrın 25-də müstəntiq Səfərəliyev tərəfindən başlandı. Səfərəliyev məni daim təhqir edir, güllələnmə, həyat yoldaşımın həbsi, uşaqlarımın uşaq koloniyasına göndərilməsi və əmlakımın müsadirəsi ilə hədələyirdi.  

1938-ci ilin ikinci yarısından işim digər müstəntiq — Malyana verildi. Malyan repressiyanı daha da gücləndirmişdi. 1938-ci il martın 7-də ayağımın xəstə olduğunu bildirməyimə baxmayaraq, səhər saat 10-11 radələrindən başlayaraq məni ayaq üstə dayanmağa məcbur etdi.  

Bu proses eyni təhqir və təhdidlərlə müşayiət olunurdu. Mən davamlı şəkildə, yuxusuz halda, 74 saat ayaq üstə dayanmalı oldum və dərhal Malyanın və bölmə rəisi Mustafayevin tələblərini yerinə yetirməli, ifadə verməli idim. Bir həftə sonra 74 saat ayaq üstə qalmağım səbəbindən xəstə ayağım yenidən şişdi və mən 10-12 gün kamerada yataq vəziyyətində qaldım.  

Beləliklə, martın 10-da işim bağlandı. Lakin Malyan martın 25-də və 29-da məni çağıraraq işimin bitdiyini bildirdi və əlavə etdi ki, aprelin 2-də məni protokol yazmağa çağıracaq, 7-8 aprel tarixlərində isə məhkəmə keçiriləcək.  

Sonuncu dəfə məni iyulun 25-dən 26-na keçən gecə çağırdılar. Müstəntiq 10-15 dəqiqə ərzində işimi bağlayaraq bildirdi ki, məhkəməm avqustun 12-dən gec olmayaraq keçiriləcək. Mən artıq 14 ay 13 gündür ki, həbsdəyəm.  

Yuxarıda sadaladığım hallarda müstəntiqlərim Səfərəliyev və Malyan tərəfindən yol verilən qanun pozuntularını, keçmiş partiya üzvünə və yaşlı müəllimə, sovet ölkəsi üçün on minlərlə gənc sovet mütəxəssisi yetişdirmiş və əksinqilabi fəaliyyətdə günahlandırılmış pedaqoqa verilən əziyyətləri nəzərə alaraq, Böyük Lider, sizdən xahiş edirəm ki, bu məsələyə aidiyyəti şəxslərin baxmasını, günahkarların məsuliyyətə cəlb olunmasını və mənim işimin Ali Məhkəməyə verilməsini tapşırasınız. Ümid edirəm ki, məhkəmədə öz günahsızlığımı və əksinqilabi təşkilatlara aid olmadığımı sübut edə biləcəyəm. Mən həmişə partiyanın ana ideyalarına sadiq qalmışam.”  

Musayev Hüseyn  
27 yanvar 1939-cu il  

Qənaətimcə, Hüseyn Musayevin bu müraciəti o dövrün acı reallığını, saxta ittihamlarla həbs olunan yüzlərlə Azərbaycan ziyalısının qaranlıq taleyini açıq şəkildə göstərir. Əslində bu məktub yalnız Hüseyn Musayevin deyil, repressiyaya məruz qalan yüzlərlə insanın harayı idi. O, ədalətsiz mühakimələrin və totalitar rejimin insan talelərini necə məhv etdiyini bütün çılpaqlığı ilə ortaya qoyur.  

Professor Cəlal Qasımov yazır: “Musayev Hüseyn Məmməd oğlunun istintaq qovluğu çox az, hətta barmaqla sayılan qovluqlardandır ki, istintaqın saxtalaşdırıldığı barədə məlumatı günümüzə qədər gətirib çıxara bilmişdir. Bolşevik çekistlər belə səhvlərə yol vermir, bütün saxtakarlıqlarını böyük peşəkarlıqla ört-basdır edə bilirdilər. Bu istintaq qovluğundan təkcə cinayət işlərindəki saxtalaşdırmanı deyil, həm də onun metodologiyasını öyrənmək olur. Heç kəsə sirr deyildir ki, bəzi yazarlarımız repressiyaya məruz qalan və qalmayan ziyalılarımızın fəaliyyətlərinə qiymət verərkən onları daha çox mühakimə etməyə üstünlük verirlər. Hesab edirik ki, bu qovluqdakılar yalnız Musayev Hüseyn Məmməd oğlunu deyil, 1920–1950-ci illərdə repressiyaya məruz qalanları və qalmayanları dərk etmək üçün ən ciddi və ən səmimi mənbələrdən biridir.”  

Bilmirəm bu cür yazılar Z nəslinə və ya cəmiyyətin digər təbəqələrinə nə dərəcədə maraqlıdır. Amma tarix yalnız keçmiş deyil; o, dünənə, bu günə və sabaha baxmaq üçün bir güzgüdür".

Fatimə Nəbiyeva

Seçilən
15
1
qht.az

2Mənbələr