Müəllif:Mehin Qasımova,Banco.az
"Toyota" 2026–2027 maliyyə ilində əməliyyat mənfəətinin 20,3 faiz azalaraq 3 trilyon yenə (təxminən 19 milyard dollar) düşəcəyini proqnozlaşdırır.
Banco.az xəbər verir ki, dünyanın ən çox avtomobil satan istehsalçısı mənfəətə əsas təzyiq amili kimi Yaxın Şərqdə davam edən münaqişələrdən qaynaqlanan xərc artımını və təchizat zəncirindəki qeyri-müəyyənlikləri göstərib.
2026-cı ilin martında başa çatan maliyyə ilində şirkətin gəlirləri 5,5 faiz artaraq 50,68 trilyon yenə çatıb. Bununla yanaşı, əməliyyat mənfəəti 21,5 faiz azalaraq 3,77 trilyon yen təşkil edib.
Hesabata əsasən, xalis mənfəət 19,2 faiz azalaraq 3,85 trilyon yenə, vergi öncəsi mənfəət isə 19,7 faiz azalaraq 5,15 trilyon yenə enib.
Şirkət növbəti maliyyə ilində gəlirlərinin cəmi 0,6 faiz artaraq 51 trilyon yenə çatacağını gözləyir. Eyni zamanda, xalis mənfəətin 22 faiz azalaraq 3 trilyon yenə, vergi öncəsi mənfəətin isə 17,9 faiz azalaraq 4,23 trilyon yenə düşəcəyi proqnozlaşdırılır.
“Toyota”nın səhm başına baza mənfəət proqnozu 251,25 yen səviyyəsində müəyyən edilib.
Şirkət həmçinin 2025/26 maliyyə ili üçün illik dividendini əvvəlki ildəki 90 yendən 95 yenə yüksəldib. 2026–2027-ci illərdə isə dividendin 100 yenə çatdırılması planlaşdırılır.