AZ

İnsan alveri Azərbaycan üçün xarakterik hüquqazidd əməl deyil – Milli Koordinator

İnsan alveri cinayəti Azərbaycanda qeydə alınan cinayətlərin 0,6 faizini təşkil edir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Bildirilib ki, insan alveri əsasən yoxsulluq və işsizliyin, təhsil və məlumat azlığının, korrupsiya və gender bərabərsizliyinin, silahlı münaqişələrin və dərin sosial-iqtisadi problemlərin mövcud olduğu regionlarda formalaşır, ucuz işçi qüvvəsinə tələbat olan, kommersiya məqsədli cinsi xidmətlərin qanuni fəaliyyət kimi qəbul edilən ölkələrdə isə istismar mərhələsində davam edir.

Lakin Azərbaycanda milli və mənəvi dəyərlərin hər zaman üstün tutulması, ailə institutunun möhkəmliyi, ictimai məsuliyyət, dövlət tərəfindən hüquqi, iqtisadi, sosial, təhsil və təhlükəsizlik sahələrində həyata keçirilən kompleks tədbirlər insan alverinə qarşı mübarizədə mühüm sosial dayaq rolunu oynayır.

Təsadüfi deyil ki, insan alveri cinayəti ölkəmizdə qeydə alınan cinayətlərin heç bir faizini belə təşkil etmir (0,6 faiz). Qeyd edilənlər onu deməyə əsas verir ki, insan alveri Azərbaycan üçün xarakterik hüquqazidd əməl deyil.

Qeyd edilib ki, hazırda qabaqlayıcı və dayanıqlı yanaşma əsasında gələcək risklərin minimallaşdırılması və əldə olunmuş müsbət nəticələrin davamlılığının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.

Seçilən
24
day.az

1Mənbələr