"Son 20 il ərzində Azərbaycanda insan alveri cinayətlərinin dinamikasında ümumi azalma tendensiyası müşahidə olunur. Statistik təhlillər insan alveri cinayətlərinin strukturunda cinsi istismarın üstünlük təşkil etdiyini deməyə əsas verir. Belə ki, 2025-ci ildə qeydə alınan faktların 76,8 faizini məhz cinsi istismar halları təşkil edib, məcburi əmək cəmi 0,5 faiz səviyyəsində qeydə alınıb. Digər 22,7 faiz isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ı ilə bağlı çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.
"Eyni zamanda, uzunmüddətli statistik dinamika da diqqətəlayiqdir. 2005-2010-cu illərdə insan alveri cinayətlərinin sayı 200-dən yuxarı olduğu halda, sonrakı illərdə mərhələli azalma müşahidə olunub, 2025-ci ildə göstərici 198 fakt təşkil edib. Qurbanların sayında da oxşar tendensiya müşahidə edilir. 2000-ci illərin ortalarında 90-100 arası dəyişən göstəricilər 2025-ci ildə 46 nəfərə qədər enib. Diqqət çəkən digər mühüm statistik məqam insan alveri qurbanlarının demoqrafik göstəriciləridir. 2025-ci ildə müəyyən edilən 46 qurbanın 61 faizi 25-35 yaş aralığında, 30 faizi isə 35 yaşdan yuxarı şəxslər olub. 18-25 yaş aralığında olan qurbanlar isə cəmi 9 faiz təşkil edib. Nəticələr göstərir ki, risk qrupu yalnız gənclərlə məhdudlaşmır və daha geniş yaş kateqoriyalarını əhatə edir. Bundan əlavə, 2005-2025-ci illər üzrə ümumi statistikaya nəzər yetirdikdə, insan alveri qurbanlarının mütləq əksəriyyətinin qadınlar olduğu müşahidə olunur. Belə ki, hesabat dövründə müəyyən edilən 1.487 qurbanın təxminən 1.400-ü qadın, cəmi 87-si kişi olub. Disbalans gender əsaslı risk faktorlarının mövcudluğunu bir daha təsdiqləyir.
2005-2025-ci illər ərzində məsuliyyətə cəlb edilən 660 insan alverçisinin 561-i qadın, 99-u isə kişi olub. Cinayətlərdə qadınların yalnız qurban deyil, təəssüflər olsun, cinayətkar kimi də sayının yüksək olması təhlükəli fenomenin sosial-psixoloji aspektlərinin dərindən öyrənilməsini tələb edir. 2025-ci ildə insan alveri qurbanlarının coğrafiyasına nəzər saldıqda 72 faizinin Türkiyədə, 22 faizinin Birləşmiş Ərəb Əmirliklərində, 6 faizinin isə Pakistanda istismara məruz qaldığı müəyyən edilib. Göstəricilər bir daha təsdiq edir ki, insan alveri əsasən ölkə hüdudlarından kənarda baş verən transmilli cinayətdir".
Anar Kəlbiyev