“Vaxtı olmayan elə vaxtın özüdü, kimisə, nəyisə gözləməyə nə macalı var, nə səbri...”
Yazıçı, millət vəkili İmamverdi İsmayılovun “Labirint”i - Bir ölüm haqqında povest”i müəllifin mifopoetik üslubda yazdığı son əsərlərinin içərisində ən maraqlısıdır. Povesti “Bayquş və qaravolçu”nun davamı da adlandırmaq olar. Povestdəki qəhrəmanın, əsərdəki obrazların adsız, məkanın ünvansız olmağı çox gizli, sətiraltı mətləblərdən xəbər verir, SOS siqnalı çalır. “Labirint”in müəllifi İsrafilin surunun çalınacağı Qiyamət gününün çox da uzaqda olmadığı xəbərdarlığını da edir.
Yazıçı Anarın “Qatardan qalan adam”ı, Elçinin “Araba” arzusu ilə dünyadan köç edən şairi, Markesin “Patriarxın payızı”ndakı imperatoru, “General öz labirintində”ki Simon Bolivarı, Frans Kafkanın “Məhkəmə”dəki Jozefi, Lev Tolstoyun “İvan İlçin ölümü”ndəki İvanı, Stefan Sveyqin “Şahmat” novellasının baş qəhrəmanı Doktor B. və s. bu qəhrəmanların tənha və məchul ölümləri arasında simmetrik bir oxşarlıq, harmoniya hiss olunur. Sözün, rəngin, ölüm sükutunun bir-birinə qarışaraq simmetriya yaratdığı harmoniya. Bu ölümlərin hamısının rəng çaları sarıdır, qurub edən günəşin, təklikdə can verən insanın çöhrəsinə ölüm kabusunun gətirdiyi sarılıqdır bu və bu sarılığa insan əməllərinin rəmzi olan ağ-qara rənglərin çalarları da bir azca qarışıb.
“Sübh tezdən bir əlçim gün işığına oyanıb dirsəkləndi. Divara hörüklənib gözünü qamaşdıran və bir andaca çəkilib gedən zərif şüalara baxıb fikirləşdi ki, odlu-alovlu doğan günəş də qüruba gedər: vaxtı-vədəsi var”. Povest fəlsəfi yükünü bu vaxt -vədə ətrafında dövr edən psixoloji düşüncələrdən, təkliyə məhkum insanın ömrünün son saatlarında yaşadığı hisslərdən, sarsıntılardan, özünə hesabatından götürür. Povestin həm ana xətti, həm baş qəhrəmanı ölümdür. Bütün baş verənlər onun ətrafında cərəyan edir. Ölümün doğulmaq qədər əzablı proses olduğunu yazıçı bir insanın bir günlük iztirabları, psixoloji sarsıntıları, keçmiş xatirələri fonunda ustalıqla əks etdirir. İmamverdi İsmayılov tək qəhrəmanını deyil, oxucunu da bu ölüm labirintindən keçirir, əzib suyunu çıxarır. Ölümün sözlə rəsmi o qədər təbiidir ki, ağrısı sətirlərdən bədəninə sıçrayır, bit kimi, birə kimi yapışaraq qopmur. Hövülləndirir, üşüdür, yandırır, ağrıdır…
Qeyd edək ki, ölüm mövzusu dünya ədəbiyyatında bütün zamanlarda ən çox müraciət edilən mövzulardan olub. Sentimentalizm, romantizm ədəbi cərəyanlarının hökmran olduğu dövrlərdə ərsəyə gələn əsərlərin ədəbi qəhrəmanların sonluğu əksər hallarda ölüm idi. Esxilin, Şekspirin faciələrinin təsir gücü də qəhrəmanlarının ölümündə idi.
Yazıçı İmamverdi İsmayılovun povestinin qəhrəmanı da Əzrayıl qapısını döyməsə də öləcəyini intiusiyası ilə hiss edir. Ölümdən qaçmaq şansı kimi televizorda izlədiyi həkimin qəbuluna yazılır, dərdini söyləyir. Obsessiv!..Əziyyət çəkdiyi xəstəlik budur: “Şikayətim çoxdu... Fikirləşməkdən, eyni hərəkətləri təkrar etməkdən yoruluram, bərk üzülürəm. Çox vaxt xoflanır, şəkli qalıram. Naümid qalmaq adamı çox sarsıntılara düçar eliyər. Nə görürəmsə, qarşıma nə çıxırsa, qeyri-ixtiyari təkrar saymağa başlayıram. Günahkar axtarıram, dəxli var, ya yox. Heç nədən beynim qarışır, özümü inandıra bilmirəm, sakitləşmirəm. Andır yaddaş, huşsuzluq da bir yannan. Çox şeyi unuduram, təkrar düşünüb yadıma salmağa çalışıram, neyləməliyəm, hara getməliyəm? Rahatlığım, dincliyim yox, bir çınqı şirin yuxuya həsrət qalmışam. Canım boğazıma yığılıb. Ahıl yaşımda bu bəla hardan gəlib haxladı məni?!”
Hardan? Əslində həkimə ünvanladığı sualının cavabı özünə məlumdur. İllərlə davam edən tənha gecələrinin boz sükutundan, insanlar üçün gərəksizliyindən, sevgisizlikdən yaranıb bu mərəzi. Bunu yaxşı bildiyindən həkimin yazdığı dərmanların da gözündə bir qəpiklik qiyməti olmur, açıb üzünə baxmadan resepti cırır, zibil yeşiyinə tullayır. Onun həkimə etirafında sanki əməllərindən doğan gizli bir xof gizlənir: “Əlimi yuyuram, elə bilirəm təmizlənmir, hər şey ağlımda çirkli qalır...”. Bu kir bəşər övladının yaşamına qatdığı haramlıqdır ki, hələm-hələm təmizlənmir. Bu xof ölüm qorxusuna qarışaraq məhşər ağrısını sağlığında yaşadır insane-hamımıza!
Həyatda təsadüflər varmı? Bəlkə elə məşhur fəlsəfi qanunda deyildiyi kimi bütün təsadüflər zərurətdən doğur? “Tərslikdən onun yaşadığı məhlədə doğum evi ilə mərasim zalı yanaşı tikilmişdi. Guya, bu iki binanı bir-birindən aralı tiksəydilər, qurbanı olduğumun verdiyi ömür payı uzanacaqdı, yoxsa alın yazısı təzədən yazılacaqdı?!” Doğum evi ilə mərasim evinin yanaşı, bir küçədə tikildiyini deməklə İmamverdi İsmayılov oxucuya xatırlatma edir-doğumla ölüm bir qaş arası qədər yaxındır, fərqində ol Adəm övladı!
İ. İsmayılovun qəhrəmanı kimdir, nəçidir, hansı peşənin sahibidir, necə yaşayıb həyatını? Bunlar oxucuya sonacan məchul qalsa da, məlum olanı budur ki, “Övladlarını böyüdüb aralamış və heç kimə minnəti olmadan son hazırlığını görmüşdü: ölən günü, yuyulması, kəfən xərci, üç-yeddi, qırx, qəbrin götürülməsi - qəpiyinəcən, manatınacan yığıb, anasından qalma tütünlü, naftalinli dəsmala büküb, şad-şalayın bir qırağa qoymuşdu...”. Müəllif 2-3 cümlə ilə qəhrəmanının halal zəhmətlə yaşadığını, pul əsiri olmadığına işarə edir: “Pul bəladı, şeytan xislətlidi, adamın qoynunda köç salar və tez də kiflənib qurdlanar, əl də tutar, pəl də vurar... Adına ayama qoşub, əl çirkidir deyirlər, amma adamların içi və niyyəti onnan da pis. Acgöz məxluq elə hey qamarlayır, nə doyur, nə doymalanır. Qazanc həvəsləndirir, əl gətirdikcə vərdişkar olursan, göz doymur, hər şey hədəqədən çıxır və kələfin ucu itir. Tükənmək bilməyən həvəs və ehtiras son anda puç olur, öləziyir və adiləşib daşa dönür. İ. İsmayılov hamımızın bildiyi, ancaq əməl etmədiyi həyat həqiqətini çəkic kimi başımıza çırpır, beynimizi silkələmək, acı həqiqəti dərk etmək üçün: -“İnsan qazanmaq yolunda tər tökür, can qoyur, dəridən-qabıqdan çıxır, sonradan ayılıb əldən gedən canını qaytarmaq üçün pul xərcləyir...”
Yazıçının qəhrəmanı ölümlə baş-başa qalanda ən böyük dərdinin təklik olduğunu anlayır. “Tənhalıq - ömrün payız vədəsi, sanki hər şey, onun səs-küylə dolu qulağının dibinəcən saralıb sozalmışdı. Amansız yaşam tərzi: ətrafında bir yığın adam ola, ancaq yalqız qalasan. Tənhalıq ağırdı, çox bəlaya qucaq açar...”. Elə bəşər övladının sonuna, bəşəriyyətin məhvinə də- müəllifin oxucuya ötürmək istədiyi daha bir mesaj budur.
Yazıçı İmamverdi İsmayılovun “Qışından kəsilib, yazından doğranan nakam ömürlər nə qədər desən...” mesajında nə gizlənib görəsən? “Yeknəsəq həyat tərzi - bir fəsilli iqlim kimi - bu günü birtəhər yola verib, özünü ovundurarsan, amma nə dünəni gizlədə bilərsən, nə sabahı fikirləşə. Yaxşı ki, sabah nə olacağını və nə baş verəcəyini qabaqcadan bilmirik...” Müəllif bununla sabah ümidilə bu günümüzü itiririk mesajını verir.
“...Görəsən, Tanrı bəndəsinin göz yaşları hansı könül bulağından süzülüb gəlir?Heç bu barədə fikirləşmisinizmi?Yəqin ki, yox. Çünki bu sualı insan ölüm ayağında özünə verir: “Göz yaşları gözəl də ola bilər, çirkli də: məqamına baxır...”. Xəyanət və yalan, intiqam və nifrət, vicdan əzabı axan göz yaşlarını da çirkləndirir. Sevinc yaşları isə gözəldir-bu hissin özü kimi-müəllifin mətndən sətiraltı ötürdüyü daha bir mesaj budur.
“Labirint”in qəhrəmanı xarakterindəki bir çox cəhətlərinə görə yazıçı Elçin Hüsenbəylinin “Vida”sındakı həkimi xatırladır. Həkimin ölümqabağı ağac əkmək istəyi, Hippokrat andına sadiq qalaraq erməni zabitinə yardım etməsi onun iş dünyasının təmizliyinin nişanəsidir. İ. İsmayılovun qəhrəmanı da bu hisslərdən məhrum deyil. Tanımadığı çiçək satan uşağa olan mərhəməti iç dünyasına işıq salmağımıza, tanımağımıza yardım edir. Onun gülsatan oğlanla olan dialoquna diqqət edək: “- Bu günə neçəsini satmısan, mənim balam, neçəsi qalıb? "Beşini" eşidəndə, udqundu: bu zavallı gün ərzində nə satıb, nə qazanacaq, qursağını nəynən isidib, evinə nə aparacaq? Rəhmi gəldi ona, qalan gülləri hesablayıb, hamısının parasını uzatdı”. Yan -yörəsində gül verə biləcəyi kimsəsi olmadığına görə güllərin pulunu versə də gülləri götürmür, çünki məqsədi gül almaq yox, köməyinə ehtiyacı olan birini sevindirməkdir, qəlbini bu hissdən doğan məmnunluqla ovutmaqdır. O, təkcə insanlara deyil, heyvanlara qarşı da mərhəmətlidir. Vitrinə satış üçün çıxarılmış, son nəfəslərində olan balıqlara belə yazığı gəlir: “ Bəşər övladı bütün həyatını başqa canlının canı bahasına qurub həmişə!..” fikri ona əzab verir.
“Hər şeyin dəyəri var, bütün səbəblərin səbəbkarı olan bəşər övladı isə hər an dəyərdən və gözdən düşür”. Niyə, nə səbəbə?- sualının cavabı da mətnin alt qatındadır, sətiraltı mənaların fəlsəfi yozumundadır.
Həyat rəngarəng hadisələrlə o qədər zəngindir ki, Adəm övladı azgözlüklə qamarlayıb yuvasına daşıdığı sərvətin nə vaxtsa əlindən çıxacağına nəfəsi ağzından çıxana kimi inanmaq istəmir. Ölüm xofunun çox az adam fərqindədir. Diri olub ölü kimi yaşayanlar da o qədərdir ki: “Səni aparacaq ölüm, yoxsa səni yaşadacaq ölüm - fərqindəsənmi?!”. Yazıçını narahat edən odur ki, bəşər övladını eşitdiyi ağı səsi nəinki diksindirmir, hətta kürəyindəki tabutu yerə qoyub cənazəni torpaqlayan kimi yenə öz kirli dünyasına qayıdır. “Dəfn mərasimində hamı qəmgin və üzgün, dərin xəyallara qərq olur. Hamı qəm-qüssə içində, dünyanın faniliyindən gileyli, elə ki, qəbiristanlıqdan çıxdılar, hər kəsin qoynunda əfi ilan baş qaldırır. Yollar haçalanır, hərə öz qibləsincə yellənir. Kim nə itirir, nə qazanır: dövran şahid, zaman hakim...”
Bu dünyaya hər kəs öz missiyasını yerinə yetirmək üçün gəlib. “Biri quyu qazıb su verir, nur paylayıb savab yiyəsi olur, digəri quyunu öz aləmində qazır, torba tikib ev yıxır. Beləsi, hamıya yuxarıdan baxır, amma anlamır ki, Allah böyükdü, hamıdan yuxarıdadı və hər şeyi qədərincə görür”. Və nə yaxşı ki, görən də, gördüklərinə görə hesab çəkən də Allahdır-povestdən ötürülən daha bir mesaj budur!
“Labirint”in qəhrəmanı niyə son anlarında anasını xatırlayır, ölümqabağı onunla söhbətləşir? Bu sualların açılımı çox çətindir. Hardasa oxumuşdum ki, analar təkcə diri olanda deyil, öldükdən sonra da övladlarına bağlı olurlar. Baxmayaraq ki, uşaq dünyaya gələndə ana ilə bala arasında göbəkbağı kəsilir. Atamın, anamın son günlərini, son sözlərini xatırlayıram. Onlar da ölümlə həyat arasında çarpışanda analarını gördüklərini, danışdıqlarını deyirdilər, sayıqlayanda analarını çağırırdılar. İmamverdi İsmayılovun “Labirint”ə saldığı qəhrəmanı da ölümlə tet-a-tetdə anasını xatırlayır: “Anasının sarı-sarmaşıq xallı əlləri, döyənək bağlayan cod barmaqları, toxuduğu gizlin ilmələr, pəsdən oxuduğu kövrək nəğmələr, həsrətlə közərən tonqal və bakirə uşaqlığın qayğısız səsləri - indi çox uzaqdan və dumanlı gəlirdi ona. Anası iniltiylə nəsə oxuyur, şərqi deyir. Qulaqları küyüldəyir, nə səs gəlir nə ün yetir. Qızdırması bit-birə kimi canına yayılır: Ay ANA! Sən hardasan, mənim ürəyim, harda?..”
Sətiraltı da olsa yazıçı qəhrəmanının zəhmətkeş ata olduğunu, övladları üçün son nəfəsinə kimi çalışdığını, hamısını ev-eşik etdiyini, axırda təkliyə çəkilib dəfn xərclərini belə onların öhdəsinə buraxmadığını yazır. Bu insan özü üçün yox, övladları üçün yaşayıb. “İnsan belədi, dizini qatlamadan barama qurdu kimi gecə-gündüz əlləşir, zülm-zillətlə tale xalısını toxuyur, ilmə atır, naxış vurur. Elə bilir, hər şeyi sona çatdırıb, yerbəyer edib, amma dönüb baxır ki, ömrün hansısa bir sapı qaçıb, hardansa nizamı pozulub. Bu xatirə ilmələri gözünün üstündəmi, ayağının altındamı, yeri hardadı, bilən yox, vədə ötüb, fərqlər itib...”.
“Labirint”i unudulmaqda olan milli-mənəvi, əxlaqi dəyərlərimizə, itməkdə olan milli yaddaşa yazılan ağı da adlandırmaq olar. Bu ahıl çağında qoca övladları ola-ola niyə tək qalmalıydı, taleyin ümidinə buraxılmalıydı, niyə unudulmalıydı? Axı 40-50 il əvvəl belə deyildi. Insanlar niyə belə tez dəyişildi, yaşlısını taleyin ümidinə, zamanın axarına, ölümün çənginə buraxmaq niyə belə adiləşdi-İmamverdi İsmayılovun “Labirin”dən cəmiyyətə ötürdüyü həyəcan siqnalı düşündürücüdür- valideynlərinizə sahib çıxın. Vətən, qeyrət, namus, vicdan onlardan başlanır!
Povesti oxuduqca “Köhnə kişilər köhlən atlarını minib getdilər” deyimini bir daha xatırladım, o kişilərin həsrətini çəkdim. Elə İmamverdi İsmayılovun qəhrəmanı da o kişilərin həsrətindədir: “Vaxtilə qan batıran, nəsil düşmənçiliyini kəsən, köklü-köməcli, sözü ötkəm, əməli saleh, dizi təpərli kişilər necə qeybə çəkildi, necə?..”.
O kişilərin qeybə çəkiləcəyinin anonsunu Çingiz Aytmatov “Əsrə bərabər gün”, Markes “Yüz ilin təhnalığı”, İsa Muğanna “İdeal”, Yusif Səmədoğlu “Qətl günü”, Anar “Otel otağı”, Kamal Abdulla “Yarımçıq əlyazma”da vermişdilər. Dövr gəldi, elə bir zaman yetişdi ki: “İndi hər evin tüstüsü öz bacasından çıxır, əgər o da varsa... Heç kim bir yerdə nəfəs dərib yollaşa bilmir və öz tonqalındaca alışıb yanır. Söndürmək əvəzinə, hərə bir yandan - əli çatan da, çatmayan da - üfürüb körükləyir və sanki cəhənnəm qazanına köz atıb cızdağını çıxarır, elə bil bununla təskinlik tapır”.
Ürək yaman şeydir… “Uşaq vaxtı, ağ kağıza rəngli karandaşla ürək şəkli çəkəndə anası gəlib üstünə çıxdı, xoşhal oldu: "Burda özünü çəkmisən ki, mənim balam! Sən quruca ürək deyilsən, sən elə şəkilsiz ürəksən!.." Onda yaman ürəkləndi və sonralar anladı ki, hər şey, doğrudan da, məhz ürəkdən başlayır. Ürəksiz nə can var, nə həyat. Yaşamın, duyğuların, sevginin və bütün əzabların yükləndiyi əbədi məkan elə ürəkdir!..”. “Labirint”in qəhrəmanının da onu tərk etməyən bir dostu, həmsöhbəti var-ürəyi...
“Mənim həyatımın heç bir mənası yoxdu, yaşamaq hissim və həyat eşqim tükənib artıq. Eşidirsinizmi, ey donmuş, viran olmuş biganələr, anlayırsınızmı məni!.. - Sözləri nəm çəkmiş gilizlər kimi boşalıb sinəsinə dolur, süstləşir, peşman olur. - Odla suyun arasında nə işin var!? Sən də hamı kimi qoşul bu həyatın axarına, ax get, ay zalım. Nəyinə lazım, başqa qazanı öz qaşığınla qarışdırma. Yaxşısı budu ağzını yumasan və cəhənnəm olasan evinə! Vaxtım çatanda yəqin, mənə də bir qəbir qazıb basdırarlar, çöldə qoymayacaqlar ki... Mən bədbəxt, bu həyatda heç diriykən də yer tapmadım özümə... Ələk-vələk eləmisən aləmi, axı, sən kimə gərəksən, varlığın-yoxluğun nəyi dəyişəcək?!. Həyat tamaşadı, ancaq sənin kimi aktyorsuz da keçinər. Rollar bölünüb, sən heç “və başqaları” da deyilsən!..”
Kiməsə lazım olmamamq, gərəksizlik dərdin özündən də böyük dərddir. Ölümlə təkbətək qalanda imdadına uşaqlıq illərinin xatirələri çatır. O illərin xiffətini çəkir-ağrı ilə yox, ləzzətlə! Ağırlığım, uğurluğum burda qalsın deyib tonqal üstə atlandığı, qol götürüb oynadığı illərdə hər şey təmiz idi, gözəl idi, məkrsiz idi...
Povestdə diqqətimi bir deyim çəkdi. Bu deyim əsrlərin əks sədası, ulu Dədə Qorqudun öyüd-nəsihəti kimi gəldi mənə: “Alın yazısı alnın çölündə deyil ki, hər yoldan ötən oxuya bilsin!.. “Şər gördüklərimizdə xeyir, xeyir gördüklərimizdə şər var. Sən bizə xeyirlisini qismət elə, ya Rəbbim!.. “Hər qapı açana ürəyini açma!”.
Sübhün təsviri, səhər mənzərəsi ilə başlanan povestin gecənin qorxunc qaranlığı ilə sonlanması çox mətləblərin açarıdır. Eyni küçədəki doğum və məzar evi kimi. Qəhrəmanın ölümü povestin kulminasiya nöqtəsidir. Diqqət çəkan məqam bu ölümün qaranlıqda, gecədə baş verməsidr. Qadir Allah həm də adil Allahdır, ölüm labirintində bəndəsini tək buraxmır, nur seli kimi ruhuna axır. Məsçiddən ucalan azan səsi ilə kəlməyi şəhadətini oxuyur, ruhunu rəhməti ilə ovundurub haqq dünyasına alır. Hələ göz yaşı da tökür: “Bayaqkı dolmuş buludlar göz yaşını gözü doyunca boşaldır və sanki uca səmanın duzlu, nurlu gilələri onun köz bağlamış yaralı ruhunnan axıb süzülür”.
Əsərin bədii məziyyətlərinə gəlincə isə deyə bilərik ki, povest olduqca oynaq bir dildə, nağıl, dastan dilində yazılıb, folklor nümunələri, xalq deyimləri ilə zəngindir. Povestdəki çox ifadələr zərbi məsəli, atalar sözlərini xatırladır. Onların arasında əvvəl eşitdiklərimiz də var, yazıçı fantaziyasının məhsulu olanı da: “Arlını dərd çürüdür, arsız dərdi çürüdür!..”, “Vədənin də vədəsi var: çox yaşamaqla öyünməyə nə hacət?! Əsl xoşbəxtlik - elə sağlam canla yaşamaqdı və heç bir nemət onu əvəz edə bilməz. Urvatlı ölüm - ən son qazanc!.. Girdiyin qapıdan çıxmağı, qalxdığın pilləkəndən enməyi də bacarmalısan... Ancaq günahı bölmək məqamı yetişəndə, Allah bəndəsinin heç biri günahkar olmaq istəmir... Həyatın öz düsturu və riyazi cədvəli var: topla, çıx, vur, böl - ağıllı varlıq üçün yaşam ritmləridi bu, kaş düzgün hesablaya biləsən... Tanıdığın və tanımadığın hər kəsin içində bələd olmadığın başqa biri gizlənir və sən bunu biləndə artıq gec olur, sarsılırsa. "Baxır, toyunda kim oynayır, yasında kim ağlayır..." İçin korluğu rəzalətdi!.. İnsan var - içində xurma yetişdirir, insan var - zəqqum... "Ayağının altından yer qaçanda sən hara qaçacaqsan?!" Tələsib, yetişməyən tövbəyə tez könül verməzlər!. Get naxıra, gəl axura - heyvan ömrüdü... Naxırla axurun arasında fərqi bilməyənin yaşamasına nə lüzum?!.. Hikkə də qancıq kimi küçükləyir, bəlası balasından çox: paxıllıq, qəzəb, ikrah, bədgümanlıq... "Hər bildiyin həqiqət deyil, hər üstünə getdiyin də həqiqət axtarışı deyil - ziyan gətirər...”.
Yazıçı İmamverdi İsmayılovun “Labirint”i müasir ədəbiyyatımızın “Obsessiv”idir. Çox unudulmuş, unudulmaqda olan məqamlara, milli mənəvi dəyərlərimizə, bu sahədə olan boşluqlara işıq salır. O boşluqlara ki: valideyn haqqı tanrı haqqıdırsa niyə onları ahıl vaxtlarında tək qoyuruq, gərəksiz yük kimi qocalar evlərinə atırıq, ölüm labirintinə itələyirik? Axı, o gündən hamımız üçün var. Bu nöqteyi nəzərdən yanaşsaq, “Labirint” “Bir ölüm haqqında povest” yox, “Min ölüm haqqında bir povest”dir. Çərxi-fələk belə dövran etsə, bəlkə də milyon…
…Gecənin bağrını yaran azan səsi ilahidən gələn əcəl zəngidir amma..
Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent