Ədalət Hüseynli 8 may 1992-ci ildə Cəlilabad rayonunun Fərəcullalı kəndində anadan olmuşdur. Orta təhsilini Cəlilabad rayon Cəngan kənd tam orta məktəbində almışdır. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Ədalət Hüseynli sentyabr ayında hərbi təlim toplantılarına çağırılmışdır.
QHT.az xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri olan Ədalət Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlər zamanı 2 dəfə yaralanmış və xəstəxanaya yerləşdirilmiş, sağaldıqdan sonra yenidən döyüşə qayıtmışdır. 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş yoldaşını xilas edərkən ağır yaralanmışdır və xəstəxanaya yerləşdirilmişdir.
Ədalət Hüseynli 21 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada komadan ayıla bilməmiş və şəhid olmuşdur.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.